Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov növbədənkənar parlament seçkilərinə qatılıb.
Editor.az xəbər verir ki, məşhur YAP funksioneri 16 saylı Yasamal II Seçki Dairəsindən seçki marafonuna qoşulub.
Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan və partiyada yüksək vəzifə tutan Ramin Əhmədovun namizədliyi partiya tərəfindən deyil, öz təşəbbüsü ilə irəli sürülüb.
Editor.az xatırladır ki, cəmi bir ay öncə Yeni Azərbaycan Partiyası tərəfindən Nizami rayon bələdiyyəsi üzvlüyünə Ramin Əhmədovun namizədliyi irəli sürülüb və o partiya siyahısı ilə bələdiyyə üzvü seçilib.
Hazırda isə onun deputatlığa namizəd olduğu 16 saylı Yasamal II Seçki Dairəsindən hakim Yeni Azərbaycan Partiyası Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərovun namizədliyini irəli sürüb.
Xatırladaq ki, YAP rəhbərliyi dəfələrlə üzvlərinə xəbərdarlıq edərək partiyanın siyahısından kənar namizədliklərini irəli sürməməyi tapşırıb. İndiyədək partiya siyahısından kənar namizədliklərini irəli sürən bir çox şəxslər YAP üzvlüyündən çıxarılıb.
Məlumatlı mənbənin iddiasına görə, Ramin Əhmədov seçki prosesinin sonuna qədər namizədliyini geri götürməzsə, onu da eyni tale gözləyir.
Qeyd edək ki, Ramin Əhmədovun adı indiyədək mətbuatda bir sıra qalmaqallı hadisələrdə hallanıb.
Reportyor.info saytı yazır ki, R.Əhmədov YAP Nizami rayon Təşkilatının sədr müavini kimi Nizami rayonunu şəxsi həyətyanı sahə kimi idarə edir. Saytın iddiasına görə, Qara Qarayev prospektini başdan-başa satan, səki, keçid, dayanacaq qoymayan bu şəxsin əlindən camaat dad eləyir: “R.Əhmədov Nizami rayonunda xeyli obyektlərin sahibidir”.