Axtarış...

Deputatlığa namizəddən qalmaqallı HƏRƏKƏT - Nəsib Məhəməliyev tikdiyi bağçanı qıfılladı

Deputatlığa namizəddən qalmaqallı HƏRƏKƏT - Nəsib Məhəməliyev tikdiyi bağçanı qıfılladı

Parlament seçkiləri ərəfəsində istər yeni namizədlər, istərsə də uzun illər Milli Məclisdə papağını günə yandıran deputatlarla bağlı silsilə məqalələr yazmışıq.

Builki seçkilərdə də ortaya çıxıb vədlər verən, mandat almaq uğrunda əlindən gələni əsirgəməyən bəzi namizədləri də radarımızdan keçirib, onları törətdikləri əməllər ilə baş-başa qoymuşuq.

Qalmaqallı deputatlarla bağlı başlatdığı rubrikada istər hakim YAP, istər müxalifət düşərgəsi, istərsə də parlamentə bitərəfliyi ilə girib elə öz dairəsinin problemlərinə qarşı da bitərəf olan deputatları daim hədəfə götürmüşük.

Mərkəzi Seçki Komissiyasının qeydə alınmış namizədlərlə bağlı siyahısına nəzər yetirərkən gözümüz 110 saylı Balakən seçki dairəsindən hakim YAP-ın sıralarından deputatlığa namizəd olan Nəsib Məhəməliyevə sataşdı. O Nəsib Məhəməliyev ki 2000-2006-cı illərdə Balakən rayonunun, 2006-2015-ci illərdə isə Bakı şəhəri Nəsimi rayon icra hakimiyyətinin başçısı vəzifəsində işləyib. Bundan sonra isə o, Milli Məclisin V və VI çağırış deputatı olub.

N. Məhəməliyevlə bağlı isə apardığımız araşdırmanın nəticəsi isə heç də ürəkaçan olmayıb.

Onun deputatlıq fəaliyyətindən öncə isə gəlin 6 il rəhbərlik etdiyi Balakəndə necə yadda qaldığını öyrənək. Mediada onun fəaliyyəti, daha dəqiq desək, fəaliyyətsizliyi ilə bağlı gedən yazını olduğu kimi təqdim edirik:

“Cənab Məhəməliyevin Balakən rayonunda demək olar ki, heç bir nüfuz və dəstəyi yoxdur. Hazırda onun ətrafında rayonda imkanlı, nüfuzlu şəxslərdən demək olar ki, heç biri yoxdur. Rayon ziyalılarının fikrincə, müəyyən adamlar var ki, rayonda olduqca kasıb vəziyyətdə yaşayırlar. Həmin adamlar Nəsib Məhəməliyevdən pul qopartmaq naminə 2015-ci ildə onun ətrafına toplaşıb və seçkidə ona dəstək olacaqları vədini veriblər. Ancaq bu, baş tutan deyil. Əvvəla, ona görə ki, Nəsib Məhəməliyev uzun müddət Balakən rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Bu adam bir nəfər kasıb, imkansız adama əl tutmayıb. Bu şəxsin işi-peşəsi pul, mal-mülk toplamaq olub. Bir sözlə desək, ev tikən yox, ev yıxan olub. Vaxtı ilə onun qəbuluna gələnləri icra hakimiyyətindəki polislərə, ətrafında olan şillə vuranlara döydürürdü. İnsanlara yuxarıdan aşağı baxırdı.

Nəsib Məhəməliyevin dövründə rüşvət, məmur özbaşınalığı heç vaxt olmadığı qədər yüksəklərə qaldırıldı. Həmin dövrlər niyə fikirləşmədi ki, bu günün sabahı da var? Axı bu illər ərzində Balakənə, balakənlilərə Nəsib Məhəməliyev nə verdi ki, indi də gəlib onlardan deputat olmaq üçün səs istəyir? Əgər Nəsib Məhəməliyev balakənlilərin başına açdığı oyunları unudubsa, biz bunu unutmamışıq. Rayon səhiyyəsini, təhsilini məhv etdi. Rüşvət hesabına nə qədər ki, savadsız adamlar var idi, hamısını yığıb vəzifələrə doldurdu. Onun səpdiyi toxumlar Balakəni hələ də ağrıdır. Hesab edirik ki, həm sadə balakənlilər, həm də rayon ziyalıları Nəsib Məhəməliyevi yaxşı xarakterizə etmir və onun Balakən rayonundan millət vəkili seçilməyinə də səs verməyəcəyik. Əgər o rüsvay olmaq istəmirsə, bu inadından əl çəkməlidir. Nə istəyir? Uzun illər həm Balakəni, həm də Nəsimi rayonunu çapıb talayıb. Yığdıqları indən belə yeddi nəslinə də yetər. Ümumiyyətlə, Nəsib Məhəməliyevin Balakən və balakənlilərin adından danışmağa heç bir haqqı çatmır”.
Namizədin əməlləri bununla da yekunlaşmır. Maraqlısı budur ki, cənab Məhəməliyev Nəsimi rayon icra hakimiyyətinin başçısı olduğu dönəmdə də maraqlı “fəaliyyət”i ilə ad çıxarmışdı.

Mediada bu barədə gedən digər yazını təqdim edirik:

“Məlumatlardan biri budur ki, o, Nəsimi rayon İH-nin başçısı kimi rayon ərazisində, 4-cü mikrorayon, Mircəlal Paşayev küçəsində 5 mərtəbəli binaların həyətində uşaq bağçası kompleksi inşa etdirib. Qeyd olunur ki, Mircəlal Paşayevin adını daşıyan küçədə 2 mərtəbəli, təqribən, 200 uşaq yerli olan bağça kompleksini icra başçısı vəzifəsindən uzaqlaşdırıldıqdan sonra təhvil verdirmir.

Məlumatda deyilir ki, cənab Məhəməliyev bu bağçanı həyat yoldaşının adına özəlləşdirib və bağçanın fəaliyyətinə icazə verilmədiyinə görə, qapısına qıfıl vurduraraq, ağzı bağlı saxlatdırır. Cənab Məhəməliyev görünür dövlət hesabına inşa etdirdiyi bu əmlakı hələ çox ağzı bağlı saxlayacaq”.

Xülasə, Nəsib müəllim və onun fəaliyyəti ilə bağlı bir çox faktlar dövri mətbuatda yayılsa da, biz oxucularımızı bununla yormaq istəmirik. Qısacası, sözümüzün canı odur ki, 15 illik icra başçısı, 9 illik isə deputatlıq dönəmində cənab Məhəməliyev Balakən və paytaxtın Nəsimi rayonlarına hansı müsbət işi ilə yadda qalıb ki, bu gün 3-cü dəfə böyük ehtirasla mandat əldə etmək uğrunda parlamentə düşmək istəyir? Balakəndə daş üstünə daş qoymayan, Arif Əsgərov kimi Nəsimi rayonunda öz mal-mülklərini artırmağa çalışan Nəsib müəllim hansı haqla bu gün parlamentə düşmək istəyir? Ümumiyyətlə, qalmaqallı keçmişi olan belə bir şəxs axı seçicilərin nəyinə lazımdır? Qəribədir…Yenicag.az

Mövzunu davam etdirəcəyik…
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz