Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) məxsus “Aztelekom” MMC-nin “Şimal-Şərq” regional filialında maliyyə təftişi aparılıb. Dia-az.İnfo xəbər verir ki, aparılan təftişin nəticəsi olaraq RİNN “Aztelekom” MMC-nin “Şimal-Şərq” regional filialında 900 min manatlıq maliyyə kəsiri aşkarlayıb. Məlum olub ki, cəmiyyətdə “Mis Nazim” kimi tanınan Nazim Əliyevin rəhbərlik etdiyi “Aztelekom” MMC-nin “Şimal-Şərq” regional filialında maliyyə vəsaitindən düzgün istifadə edilməyib, külli miqdarda yeyinti və mənimsənilməyə yol verilib.
Dia-az.İnfo-nun əldə etdiyi məlumata görə, RİNN-nin həyata keçirdiyi maliyyə təftişinin ardınca Hesablama Palatasının bu qurumda daha genişmqiyaslı maliyyə təftişi aparacağı gözlənilir.
Məlumat üçün qeyd edək ki, mis alverçisi kimi tanınan Nazim Əliyevin yol verdiyi qanunsuzluqlar haqqında ölkə mətbuatında çoxsaylı faktlar yer almaqdadır. Mediada yer alan məlumatlardan məlum olur ki, Nazim Əliyev mis kabellərin optik kabellərlə əvəzlənməsi prosesindən milyonlarla manat məbləğində qanunsuz vəsait əldə edib, bir çox hallarda RİNN-ə şişirdilmiş məlumatlar, saxta rəqəmlər təqdim edib.
Dia-az.İnfo qeyd edir ki, RİNN tərəfindən həyata keçirilən yoxlamanın nəticəsinin yalnız Nazim Əliyev üçün deyil, onun rəhbəri olduğu qurumdakı iki yaxın adamı – texniki müdir Rasim Dərgahquluyev və baş mühəndis Elnur Abduləzizov üçün də acınacaqlı olacağı şübhəsizdir. Çox güman ki, hər üç şəxs yaxın günlərdə dövlət büdcəsi əvəzinə ailə büdcəsinə axıtdıqları milyonların hesabını son qəpiyinə qədər qanun qarşısında verməli olacaq.