Əbülfəs Qarayevdən müəmmalı təyinat... - Yeyintiyə yol verənlər vəzifə ilə mükafatlandırılır...
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
Məlum olduğu kimi, təxminən iki il öncə “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” sərəncam imzalandı və sərəncama əsasən Mədəniyyət və Turizm Nazirliyinin yerlərdə regional idarələri yaradılıdı. Yaradılan regional idarələrdən biri də Masallı, Yardımlı və Cəlilabad rayon mədəniyyət və turizm şöbələrinin bazasında Masallı Regional Mədəniyyət və Turizm İdarəsi oldu. Hazırda bu idarəyə 40 ildən artıqdır mədəniyyət sahəsində çalışan Lətifə Mövsümova rəhbərlik edir. Bir müddət öncə isə Masallı Regional Mədəniyyət İdarəsinin rəis müavini postuna maraqlı təyinat olub. Gündüz Mürsəlov bu vəzifəyə gətirilib. G.Mürsəlovla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı maraqlı məlumatlar əldə etmişik. Bildirək ki, Gündüz Mürsəlov uzun müddət Tərtər rayon Mədəniyyət və Turizm Şöbəsinin rəhbəri olub. Onun fəaliyyəti yoxlanarkən məlum olub ki, şöbəyə büdcədən ayrılan vəsaitlər məqsədyönlü şəkildə istifadə olunmur. Belə ki, cumhuriyyet.az olaraq onun Tərtərdəki maliyyə talanı haqda bəzi məqamlara nəzər salaq. Tərtər rayon Mədəniyyət və Turizm Şöbəsi ötən il «Digər maşın və avadanlıqların satın alınması» məqsədi ilə 36500 manatı “Divanlı-SC” MMC-yə ayırıb. Bundan əlavə şöbə 22600 manatlıq «Avadanlıqların satın alınması» prosesini “Odlu Ürək” MMC-yə həvalə edib. 44 min manatlıq «Bərk inventarların satın alınması» prosesi “Nur Yolu-A” MMC-yə, 7800 manatlıq Soba (odun) yanacağının satın alınması “Zərrə-FM” MMC-yə, 8800 manatlıq yumşaq inventarların satın alınması yenə “Zərrə-FM” MMC-yə verilib. «Zərrə-FM» MMC təkcə bu işləri deyil, həmçinin şöbə üçün digər avadanlıqların alınması prosesini də həyata keçirib. Məsələn, 9400 manatlıq «İdarənin digər xərcləri maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması»nı bu şirkət reallaşdırıb. Dəftərxana ləvazimatları və təsərrüfat mallarının satın alınmasını da həyata keçirən “Zərrə-FM” MMC bunun müqabilində 12 min manata sahib olub. Bir sözlə, Gündüz Mürsəlov maraqlı tender oyunları həyata keçirib. Nəticədə qazanan bu məmur, itirən isə dövlət büdcəsi olub. Bütün bunların nəticəsi olaraq Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Tərtər rayon üzrə nümayəndəsi olan Gündüz Mürsəlov vəzifəsindən azad edilib və bu rəsmən təsdiqlənən korrupsiya faktına görə baş verib. Bütün bunlardan sonra, G.Mürsəlovun Masallı Regional Mədəniyyət İdarəsinin rəis müavini postuna gətirilməsi isə maraqlı suallar yaradır. Rayondakı mənbələrin bildirdiyinə görə, cənab mürsəlov özü bu prosesin nazir müavini Vaqif Əliyevin himayədarlığı ilə həyata keçirildiyini bildirib. Mövzuyla bağlı araşdırmamız davam edəcək. Yazı ilə bağlı qarşı tərəfin də cavab haqqını tanıyırıq.