İş adamı Fərəməz Məmmədovun keçmiş dostu bazarın 35 faizinə iddia edir…
“Hürriyyət” qəzetinin 16 aprel, 2024-cü il sayında “Dövlət büdcəsini talan edən qardaşlar azadlıqda…” sərlövhəli yazı dərc etmişdik. Həmin yazıda “Alatava-2 Avtonəqliyyat” Səhmdar Cəmiyyətinin qeyri-rəsmi sahibləri - Fərəməz Məmmədov və Qalib Məmmədov qardaşlarının dövlətin milyonlarla manat vəsaitini talan etməsi ilə bağlı məlumat verilirdi. Qeyd olunurdu ki, bu haqda çoxsaylı faktlar aşkarlansa da, qardaşlar onları himayə edən məmurların hesabına hələ də “toxunulmaz” qalıblar.
Məsələ ilə bağlı “Hürriyyət”ə müraciət edən Bakı sakini Əliyev Yusif Lətif oğlu da Fərəməz Məmmədov və Qalib Məmmədovun qanunsuz əməllərindən bəhs edib. O deyir ki, Məmmədov Fərəməz Nurulla oğlu ilə keçmişdə dost olublar: “1986-cı ildə Zaqataladan Bakıya köçəndən sonra, onunla birgə iş görmüşük. Sonra, 1998-ci ildə mən özüm üçün Babək prospektində 70 min dollara 2 hektar yer almaq istəyirdim. Fərəməz dedi ki, oranı alma, mənim qardaşımın Tariyel adlı tanışı var, yaxşı yer satır, gedək oranı alaq. Bildirdi ki, həmin yer şəhərin mərkəzində “daş bazarı” kimi fəaliyyət göstərir. Getdik, o, bizi Tariyel müəllimlə tanış etdi, onunla danışıb razılaşdıq.
Məlumat üçün deyim ki, həmin yer onun icarəsində idi. O vaxt qərar vardı ki, kim hansı ərazini icarəyə götürübsə, oranı özəlləşdirə bilər. Tariyel müəllimin də həmin yeri özəlləşdirməyə maddi imkanı yox idi, ona görə şərikli işləməyə razılıq vermişdi.
Beləliklə, razılaşmaya əsasən, özəlləşdirmə olmalıydı, həmin yerin 30 faizi Tariyel müəllimə verilməli, qalan 70 faiz də Fərəməzlə mənim armada tən yarı (hərəyə 35 faiz) bölünməli idi.
Həmin günün səhərisi 70 min dollar mən, 60 min dollar da Fərəməz qoydu, yerin özəlləşdirilməsi üçün aparıb həmin pulu keçmiş nazir Barat Nuriyevin Mübariz adlı köməkçisinə verdik. 30 min manat da borcumuz qaldı. Sonra iş gördükcə həmin vəsaiti də hissə-hissə ödədik”.
Yusif Əliyev
Yusif Əliyev deyir ki, özəlləşmə prosesi yubansa da, bir müddət birgə işləyiblər: “Mən orda mağazalar, avtomobil təmiri sexləri tikdirdim. Onlar həmişə mənə deyirdilər ki, biz 5 qardaşıq, sən bizim altıncı qardaşımızsan. Sonra Fərəməz və qardaşı üzümə durdu ki, sən bura şərik deyilsən. Onlar Tariyel müəllimin də, mənim də haqqımı dandılar. Mən yatsam yuxuma da girməzdi ki, onlar belə şey edə bilərlər. Deyəndə ki, sən bu yerə ortaq deyilsən, cavab verdim ki, deyəsən siz çaşmısınız…
Həmin vaxt onların barəsində cinayət işi açılmışdı, külli miqdarda dövlət əmlakını talan etmək ittihamı ilə axtarışda idilər. Bu zaman Fərəməz kağız üzərində həyat yoldaşından ayrıldı ki, sabah bir şey olsa əmlaklarına həbs qoyulmasın. Bütün əmlakları da kağız üzərində ayrıldığı arvadının adına keçirdi(Bütün bunlarla bağlı ötən yazımızda məlumat vermişik – müəl.).
Mən bunlara qarşı mübarizə aparandan sonra Fərəməz ortalığa çıxmadı, aranı qardaşı qatırdı. Onun həmin vaxt da çox böyük maddi imkanı vardı”.
Şikayətçi deyir ki, bu hadisələrdən sonra, 2000-ci ildə ortaqlığı bitirmək qərarına gəlib: “Fərəməzə dedim ki, ayıb olsun sənə, mən gedirəm, payıma düşəni verin. O dedi ki, yox, sən gedə bilməzsən, biz qardaşıq. Dedim yox, siz qardaşlığı keçdiniz, qardaş belə hərəkət etməz.
Bundan sonra Qalib gəlib dedi ki, bizim sənə borcumuz yoxdur, amma 70 min dollar verdiyin üçün, hörmət edib sənə 70 min manat qaytararıq. Bunun da 50 min manatını veririk, qalan 20 mini də sənin “yaxşı oğlan” kimi təqdim etdiyin şəxs bizə 20 min manat “atdığına” görə, onunla əvəzləyirik.
Hansı ki, həmin adamla 5 il işləmişdilər. 5 ildən sonra deyir ki, o, bizə 20 min manat atıb, həmin 20 mini də mənə verəcəkləri puldan çıxdılar. O pulu da Qalibin bacanağı gətirib verdi ki, götür, sən onsuz da onlara heç nə edə bilməyəcəksən”.
Y.Əliyev deyir ki, həmin vaxt sənədə imza atıb 50 min manat götürsə də, hazırda həmin yerin 35 faizinə iddialıdır. Onun sözlərinə görə, 1998-ci ildəm həmin yerin özəlləşdirilməsini gözləsələr də, cəmi 6 ay öncədən “daş bazarı”nı özəlləşdirməyə başlayıblar: “Amma indiyədək həmin yer istifadə olunub, müəyyən şəxslərə icarəyə verilib. Hazırda da bu ərazidə tikinti materialları satılır. Bir hissəsi isə dayanacaq kimi istifadə olunur. Amma bu müddət ərzində gəlirdən mənə bir qəpik də pul verməyiblər”.
Şikayətçinin sözlərinə görə, həmin ərazi təxminən 4 hektardır və indiki bazar qiyməti ilə 20 milyon manata yaxın pul edir və bu vəsaitin 35 faizi onun haqqıdır: “Onları məhkəməyə vermədim. Bilirdim ki, bütün hallarda qərar onların xeyrinə çıxarılacaq. Onların geniş imkanları var, məhkəmədən də güclüdürlər”.
(Ardı var)
P.S. Növbəti məqalələrimizdə Fərəməz Məmmədov və qardaşı Qalib Məmmədovun dövlət əmlakını necə talamaları, hansı məmurlar tərəfindən himayə olunmaları, eləcə də öz himayədarları hesabına daha hansı şəxslərin külli miqdarda pulunu və əmlakını ələ keçirmələri haqda geniş yazacağıq.
P.P.S. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.