Abşeron rayonu, Saray qəsəbəsi, "Təzə məhəllə" sakini Rzayev Əli Hüseyn oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Baş prokuror Kamran Əliyevə müraciət edir:
"Hörmətli Baş prokuror!
Yazıb sizə bildirirəm ki, mən 12 aprel 2018-ci il tarixdən 2019-cu il fevral ayının 18-ə kimi Sabirabad rayonunun Qaraqaşlı kəndində fermer iş adamı Mirzəyev Sahib Tapdıq oğlunun idarə etdiyi balıq gölündə müqavilə ilə (ayda 400 manata) işləmişəm. Əmək haqqım yetişdirdiyimiz balıqlar böyüyüb satılandan sonra ödənilməliydi. Lakin balıq məhsulu satılıb qurtarandan sonra Mirzəyev Sahib mənə çatası 400 manat pulu vermək istəmir. Məni təhqir edir, “get hara istəyirsən şikayət et” deyərək, mənə ödəniləsi olan əmək haqqımdan boyun qaçırır.
Cənab prokuror, xahiş edirəm mənə kömək edin, müvafiq qurumlara tapşırıq verin.
Qeyd edim ki, Sabirabad rayon Polis şöbəsi şikayətimə baxmadı. Polis biz vətəndaşların yanında olmalı, saxtakar insanları müdafiə etməməlidir".
Məsələ ilə bağlı Mirzəyev Sahib Tapdıq oğlunun mobil nömrələri ilə əlaqə saxladıq. Telefonu açan şəxs nömrələrin Sahib adlı şəxsə aid olmadığını bildirdi. Şikayətçi isə deyir ki, nömrələr Sahibə məxsus olsa da, özünü gizlədir.