Tovuz rayonu, Dönük Qırıqlı kənd sakini Heydərova Könül Yahya qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, sosial yardım almaq üçün ondan 500 manat rüşvət istəyirlər:
"Mən, Heydərova könül Yahya qızı, sosial yardım almaq üşün sizə müraciət edirəm,mənim propblemimi işıqlandırın.
Anam və uşağım xəstədir, mənə sosial yardım vermirlər. Keçən il 500 manat rüşvət verdim, sosial yardım aldım. Bu il 500 manat verə bilmədim, bu səbəbdən də sosial yardımı kəsdilər.
Qonşuluğumda imkanı yaxşı olan şəxslər sosial yardım alır, amma mənə vermirlər.
Dövlət Sosial Müdafiə Fondunda işləyən Babək adlı şəxs sosial yardım düzəltmək üçün məndən 500 manat pul istəyir. Bu şəxs tək məndən yox, mənim qonşularımdan da pul alıb, maşını, imkanı yaxşı olan şəxslərə sosial yardım düzəldib.
Xahiş edirəm mənə kömək edin, xəstə uşağım var, pul vermədən mənə sosial yardım ayrılsın”.
Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon filialında çalışan Babək adlı şəxslə əlaqə saxlamağa çalışdıq, lakin telefon zənglərinə cavab vermədi.
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq. //Hurriyyet.az//