Axtarış...

Talıbovların Naxçıvanda geridönüşü, yoxsa... - NƏ BAŞ VERİR?


Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya daxil olan məlumata görə, Ali Məclisin sabiq rəhbəri Vasif Talıbovun böyük oğlu Rza Talıbov əvvəlcədən razılaşdırmadan Prezidentin xüsusi nümayəndəsi Fuad Nəcəfli ilə görüşmək istəyib. Rza Talıbovun avtomobilinin Ali Məclisin həyətinə, özünün isə binaya buraxılması çaşqınlıq yaradıb. Buna görə hətta mühafizə polisinin əməkdaşlarına töhmət verildiyi deyilir.

Məlumatda bildirilir ki, Fuad Nəcəfli Rza Talıbovu qəbul etməyib, Ali Məclisdə indi əsas səlahiyyətli şəxs olan Anar İbrahimovla görüşməyi tövsiyə edib. Rza Talıbov da Ali Məclis sədrinin müavini Anar İbrahimovun qəbulunda olub. Onun hansı məsələni müzakirə etmək üçün Ali Məclisə gəldiyi barədə məlumat verilmir.

Sayt yazır ki, görünür, Rza Talıbov məhz atasının razılığı ilə belə bir görüş istəyib, böyük ehtimalla, məqsədi hansısa məsələnin müzakirəsi olub.

Qeyd edək ki, son zamanlar Talıbovlara münasibətin bir qədər yumşaldığı, Naxçıvandakı bir sıra obyektlərin, daşınmaz əmlakların Talıbovlara qaytarıldığı, onların muxtar respublikanı tərk etmələrinə qoyulmuş qeyri-rəsmi qadağanın götürüldüyü bildirilir. “Təsadüfi deyil ki, Vasif Talıbov istefaya göndəriləndən sonra ilk dəfə xaricə buraxılıb - Novruz tətili günlərini öz əyan-əşrəfi ilə birlikdə Türkiyədə keçirib”, - deyə sayt iddia edir.

“Yeni Müsavat”ın Naxçıvandakı mənbələri də Vasif Talıbovun Novruz tətili günlərində Türkiyədə olduğunu təsdiqləyib, ona İstanbul şəhərinə müalicəyə getmək üçün izn verildiyini qeyd edib. Bildirilir ki, Vasif Talıbov vəzifədən uzaqlaşdırılandan sonra onun əmlakları, varidatı siyahılaşdırılıb, “milliləşdirilməsi” üçün ardıcıl addımlar atılır. Kimsəyə sirr deyil ki, Talıbov 30 ilə yaxın “xan”lığı dövründə olduqca böyük, inanılmaz dərəcədə geniş, az qala sərhədsiz sərvət toplaya bilib. İndi isə həmin əmlakların əldə saxlamaq qayğıları Vasif Talıbovu xəstəhal duruma gətirib. Daha onun telefon zənglərinə “buyurun, cənab sədr” cavabı bir tərəfə, heç cavab verən də yoxdur. “Xan”ın Naxçıvandakı imarətində bütün günü var-gəl etdiyi, tez-tez özünün irili-xırdalı fotoportretləri olan böyük bir otağa girib diqqətlə özünün əkslərinə baxdığı da gələn məlumatlardan biridir.

Qeyd olunur ki, Vasif Talıbov vəzifədə olarkən həmin portretlər dövlət idarə və təşkilatlarında, irili-xırdalı mağazalarda yuxarı başdan asılıbmış. Vasif Talıbov vəzifədən çıxarılandan sonra oğlu Rza Talıbov mümkün olan hər yerdən - idarə, təşkilat, mağazalardan atasının bər-bəzəkli çərçivəli portretlərini yığıb və imarətlərinə gətirib. Portretlərin sayı o qədər çox olub ki, imarətlərinin iri bir otağını onların saxlanılması üçün ayırıblar. Həmin otaq Vasif Talıbovun tez-tez baş çəkdiyi guşəyə çevrilib. İşsiz qalan Vasif Talıbovun hər gün bir neçə saatını həmin otaqda keçirməsi, özünün portretlərinə baxıb fikrə daldığı xəbəri var. Vəzifəsizliyin Vasif Talıbovun durumuna çox pis təsir etdiyi, bu səbəbdən ona İstanbula müalicə üçün getməyə icazə verildiyi bildirilir.

Onun oğlu Rza Talıbovun xəbər etmədən Ali Məclisə getməsi məsələsinə gəlincə, mənbəmiz bu məlumatı da təsdiqləyir. Belə ehtimal var ki, Rza Talıbov əmlak məsələləri ilə bağlı məhkəmə davalarına görə Ali Məclisdə olub. Qeyd olunur ki, hazırda Naxçıvan məhkəmələrində Vasif Talıbov və onun komandasına daxil olan vəzifəli şəxslərə qarşı 30-a yaxın iddia var. Cavabdehlər sırasında Rza Talıbovun özünün də olduğu qeyd edilir.

Talıbovlara qarşı iddiaları Naxçıvandan olan, vaxtilə Vasif Talıbovun göstərişi ilə biznesləri, əmlakları əllərindən alınan, özləri Naxçıvandan didərgin salınan iş adamları qaldırıb. Vasif Talıbov Ali Məclis sədri olduğu dönəmdə vəzifəsindən sui-istifadə edərək iş adamlarının sənədli-sübutlu əmlaklarını - istehsal müəssisələrini, bazalarını, bazarlarını, restoranlarını, mağazalarını qanunsuz olaraq əllərindən alıb. Həmin əmlakların dağıdılması üçün icra başçılarına göstərişlər verib. İcra başçıları da göstərişin qanunsuz olduğunu bilə-bilə əmlakları buldozerin qabağına verib yerlə bir ediblər. Hətta elə sahibkarlar var ki, onların əmlakı dağıdılandan sonra Vasif Talıbovun göstərişi ilə onlardan xarabazara çevrilmiş əmlaklarının qalıqlarının daşınması haqqı da tələb olunub, alınıb. İş adamlarına deyiblər ki, əmlakının dağıdılması zamanı əmələ gələn qalaq-qalaq zibilin daşınması üçün pul ödəməlidir. Vasif Talıbovun təqiblərinə tuş gəlməmək üçün sahibkarlar qanunsuz olaraq dağıdılmış əmlaklarına görə icra başçılarına 100-200 min dollar zibil daşıma haqqı da ödəməli olublar.

Bundan başqa, iddia olunur ki, Vasif Talıbov sahibkarların əmlaklarını dağıdandan sonra Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sahibkarlıq obyektlərinə dair arxivini də məhv etdirib. O zaman bu addım sahibkarların əllərində olan, dağıdılmış əmlaklarına dair sənədlərin kötüksüz, saxta olmasını ortaya qoymaq üçün atılıb. Vurğulanır ki, bu gün Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin arxivində Vasif Talıbov və şəriklərinə məxsus şirkətlərə daxil obyektlərin sənədlərindən savayı hər hansı bir iş adamına məxsus obyektin sənədinin kötüyü yoxdur.

Qeyd edək ki, Talıbovların və onlara yaxın şəxslərin Naxçıvanda həyata keçirdikləri tikinti işləri, tender layihələri bir müddətdir dövlət tərəfindən ciddi araşdırılır. Bu səbəbdən Naxçıvanda keçmiş hakimiyyətə bağlı olan şirkətlərin tikinti işləri dayandırılmışdı. Amma bu da muxtar respublikada işsizliyin artmasına səbəb olmuşdu. Talıbovların, onların şəriklərinin sabotaja bərabər addımları da diqqətdən kənar qalmayıb. Yaxınlarda Talıbovların yeni və daha əhatəli bir dalğanın ağuşuna tuş gələcəkləri ehtimalı da böyükdür.

Millitv.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz