“Kəndimiz get-gedə boşalır. Çünki kənddə dolanışıq üçün normal şərait yoxdur”.
Bunu Meydan TV-yə Lənkəranın Biləsər kənd sakinləri bildiriblər.
Biləsər kəndi rayon mərkəzindən 38 kilometr uzaqda yerləşir. Sakinlərin sözlərinə görə, əksəriyyət iş üçün Bakıya üz tutub. Hazırda kəndin ən böyük problemi yolla bağlıdır. Şikayətçilər deyir ki, yola görə ailələrini görmək üçün kəndə tez-tez gedib-gələ bilmirlər.
“Kənddə 4 şəhid ailəsi var. Yollar o qədər bərbad gündədir ki, hətta şəhidləri ziyarət etməyə də gedib-gələ bilmirik. Həm kəndə gələn yol, həm də kəndiçi yollar dağılıb. Şəhidlərin məzarına gedən yola nə avtomobillə, nə də piyada qalxmaq mümkündür”, – sakinlərdən Eldəniz Məmmədov deyib.
“Az məsafə olsaydı, birtəhər öz hesabımıza təmir etməyə çalışardıq. Bütün yollar o vəziyyətdədir. Kəndə bir dəfə gedib-gəlmək kifayət edir ki, avtomobili təmirə verəsən”,- şikayətçi vurğulayıb.
Sakinlər bildiriblər ki, şəhid anaları da məzarlığa gedən yolun təmiri üçün müraciət ediblər, amma nəticəsiz qalıb.
Rəsmi məlumatlara görə kəndin 1300-dən çox sakini var. Kəndlilər deyirlər ki, rayon mərkəzinə gedib-gəlmək mümkün deyil. Yollar yayda toz-torpaqdan, payızda, qışda isə yağışdan keçilməz olur. Halbuki Biləsər kəndi təbiətinə görə turist cəlb edə bilər:
“Təxminən 10 il bundan qabaq kəndin yoluna asfalt çəkiləcəyi, rayonun turizm marşrutuna daxil edilmiş Lənkəran-Lerik və Hirkan-Daşdatük-Biləsər yolunun əsaslı təmiri çərçivəsində kəndin yollarının yenidən qurulacağı bildirilirdi. Sakinlərin bununla bağlı dəfələrlə müraciətlərinə reaksiya verilmir”.
Meydan TV