AAYDA-nın xərclərinin şəffaflığı ilə bağlı hesabat NİYƏ İSTƏNİLMİR? - HƏQİQƏTƏN DƏ...
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
Pirşağı Bakının qədim kəndlərindən hesab edilir. Xəzərin sahilində yerləşən kənd, qızılqumu və təmiz havası ilə səhhətində problem olan hər kəs üçün əlverişli bi məkandır. İndi düşünəcəksiniz ki, növbəti bir kəndin tərifi ilə bağlı məqalə oxuyursunuz. Xeyr! Mən Pirşağıda olan problemlərdən danışacağam... 2022-ci ilin yayına qədər kəndə su fasilələrlə verilirdi. Əhali suyu pulla alırdı. Sonra yazdıq, pozduq. Və bu problem həll olundu. Elə həmin il ölkə prezidenti İlham Əliyev də Pirşağıya baş çəkdi. Bilirsiniz ki, prezident hara gedirsə və ya gedəcəksə, məmurlar ondan qabaq sözün əsl mənasında "gülüstan" rəsmi çəkirlər ki, hər şey prezidentin gözünə yaxşı görünsün və qüsur tapılmasın. Əslində olan, üstü bəzək, altı da...
Nə isə... Bizim kəndə gələn məsul məmurlar da əvvəlcə kənddə divarları qaşıdılar. Guya keçmiş görkəm verəcəkdilər. Sonra hasarların başına qəribə daşlar vurdular. Bir anda Pirşağının kənddaxili yollarına asfalt da çəkdilər. Pirşağı əhalisi sevinmişdi ki, “Şükür olsun ki, dövlətin yadına düşmüşük”. Haradan bilsinlər ki, sadəcə bu işləri prezident gəlib görsün deyə edirlər. Prezidentimiz səfər etdi, o zaman kənddə aparılan abadlıq işlərindən danışdılar. Qərarlar verildi və s...
Prezidentin səfərindən sonra məmurların yanan ürəyinə su səpildi ki, “prezident gəlib getdi, bir də nə zaman baş çəkəcək, sual altındadır”...
Bütün işləri yarım buraxdılar. Yarım olsa, dərd yarı. Əvvəlcə kənd daxili yolları Azərsu qazıb kanalizasiya çəkməyə başladı. Asfalt çəkilənə qədər "Azərsu"nun yadına Pirşağı düşməmişdi. Küçələr asfaltlanandan sonra yadlarına düşdü ki, bəs “Pirşağıda kanalizasiya sistemi yoxdur”. Suyu əhaliyə normal verməyə başlamışdılar axı...
Nə isə, qazıb töküb, kanalizasiya sistemlərini çəkdilər. İnanın, Allaha. Gözəl asfalt çəkilmişdi, boyanmışdı. Hətta baxanda adam sevinirdi ki, Pirşağı da yada düşərmiş.
"Azərsu"dan sonra "Azərişıq" qərar verdi ki, kənddə bəzi elektrik xəttləri yeraltı çəkilməlidir. Xülasə, asfaltı bir dəfə bu qurum sökdü, çəkdi. Adamın Allahı var, işıq çəkilmək üçün dağıdılan asfalt olmadı. Asfalt ona qədər dağıdılmışdı. Bəli, başa düşürük ki, kanalizasiya çəkmək önəmlidir, işıq da önəmlidir. Olmazmı ki, bu işləri gördüyünüz zaman digər qurumlarla, xüsusən AAYDA ilə qarşılıqlı razılıqla görəsiniz. Olmazmı ki, prezidentin Bakı kəndlərindəki yollar üçün ayırdığı vəsait elə yollara xərclənsin? İndi biz AAYDA-ya şikayət etsək, burada səbəbkarın hansı qurum olduğu gün kimi aydındır. Qısası, dövlət qurumları prezidentin ayırdığı vəsaiti sözün əsl mənasında boş-boşuna xərcləyir. Yəni kənardan belə görünür. Elə asfaltı da qaldırıb baxsanız, daha çoxu görünür...
Bu gün Pirşağı kəndinin daxili yolları elə bir vəziyyətdədir ki, ordan keçməyinə peşman olursan. Küçələr dağılıb, kələ-kötür, çala-çuxur, palçıq... Ötən gün oradan keçəndə yanımdakılar dedi ki, “bu nə yoldur, böyrəklərimizin daşları töküldü”. Bir də siz hər gün bu yollarla gedənləri düşünün, piyadaları düşünün...
Niyə insanlara bu qədər əziyyət verirsiniz? Yoxsa, başqalarının əziyyətindən həzz alırsınız?
Bilmirəm necə, nə cür... Bircə onu bilirəm ki, Pirşağı yenidən asfaltlanmağa ehtiyac duyur.
Düşünün ki, Pirşağı Bakının tətil kəndlərindən hesab edilir. Qədim kənddə tarixi abidələr və hamamlar mövcuddur. Dənizkənarında olduğu üçün turistlərin diqqətini çəkir. Gəl, gör ki... Ya da heç görmə... Küçələri o qədər bərbaddır ki, leksikonumuzda bu vəziyyəti izah etmək üçün söz tapa bilmirəm.
"AAYDA" və Azərsu" adlı qurumlara bir məsləhətim var. Yaxşı olardı ki, gördüyünüz işləri planlı və razılaşmalı şəkildə həyata keçirəsiniz. Axı artıq bilirsiniz ki, siz bir-birinizə bağlı qurumsunuz. Hansısa küçəyə asfalt salınmamışdan öncə "Azərsu"ya layihəni göndərin və onların həmin küçəyə ilə bağlı planı ilə tanış olun ki, dövlətimizin büdcəsi boş yerə xərclənməsin, asfaltın altına "axmasın"...
İndi biz yenidən prezidentə müraciət edək ki, “cənab prezident, sizdən xahiş edirik ki, Pirşağının daxili küçələrinin bərpası və asfaltlanması üçün vəısait ayırın”? Yoxsa "AAYDA"nın xərclərinin şəffaflığı ilə bağlı hesabat tələb etməliyik?
"Cənab prezident, Pirşağıda vəziyyət sizin gəlib gördüyünüz kimi deyil. Sizə ya yaxşı yerləri göstərirlər, ya da göstərəcəkləri yerləri müvəqqəti "yaxşılaşdırırlar". O da siz gəlib, gedənə kimi olur. Sonra vəziyyət əvvəlkindən də pis olur...
Xahiş edirik ki, Pirşağı ilə bağlı yeni bir qərar verəsiniz. Daha doğrusu, Pirşağını "dağıdan" qurumlarla bağlı...
Hörmətlə, biz..."
Qeyd edim ki, mövzu ilə bağlı qarşı tərəf mövqe bildirmək istəsə, dərc edəcəyik. Onu da əlavə edim ki, mövqe bildirmək əvəzinə bildirmək iş görsələr, o işi də "hadisə" yerindən birbaşa yayımlamağa hazırıq. Təki, yolumuzu "kəsməsinlər", yol açsınlar...
Bizimyol.info-ya istinadla Pirşağıda "məhv edilən" yoldan görüntüləri təqdim edir: