Tovuz Rayon İcra Hakimiyyəti “Göygöl Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyətlə (MMC) satınalma müqaviləsi imzalayacaq.
Reportyor.info xəbər verir ki, şirkət icra hakimiyyətinin yolların əsaslı təmiri ilə bağlı keçirdiyi tenderin qalibi seçilib.
Bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 135 105,93 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Göygöl Tikinti” MMC 11 avqust 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Şəmkir rayonunun Düzqışlaq kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Tağıyev Anar Əhməd oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barəsində heç bir məlumat yoxdur.
“Göygöl Tikinti” MMC 3 ildir fəaliyyət göstərsə də, artıq tender kralı kimi tanınır.
Əsasən yerli icra hakimiyyətlərinin abadlıq və təmir işləri ilə bağlı keçirdikləri tenderlərin qalibi olan “Göygöl Tikinti” MMC ən çox sifarişi Tovuz Rayon İcra Hakimiyyətindən alıb.
Bu arada qeyd edək ki, cari ilin oktyabrın ayının sonlarında şirkət Tovuz Rayon İcra Hakimiyyətinin daha bir tenderinin qalibi olub. Maraqlıdır ki, bu tender də yolların əsaslı təmiri ilə bağlı keçirilib. Təklifin qiyməti 104.303,88 AZN-dir.
Ümumiyyətlə isə Tovuz Rayon İcra Hakimiyyəti 2023-cü ildə yolların təmiri ilə bağlı 4 tender keçirib. Bu tenderlərdən ikisinin qalibi “Göygöl Tikinti” MMC, yerdə qalan ikisinin qalibi isə “Construction Business Group” MMC və “Epsilon Construction” MMC olub.
“Göygöl Tikinti” MMC-nin qalib seçildiyi tenderlərdə təklifin qiymətini qeyd etdik. Digər iki şirkətin qalibi gəldiyi tenderlərdə isə təklifin qiyməti 382 978,91 AZN (“Construction Business Group” MMC) və 524 930,03 AZN (“Epsilon Construction” MMC) olub.
Beləliklə, aydın olur ki, Tovuzda yolların təmirinə təxminən 1 milyon manat bəs etməyib və qurum daha iki tender keçirib. Bu bir qədər inandırıcı görünmür. Digər tərəfdən, Tovuz sakinləri yolların bərbad olmasından şikayətlənir. Onların iddiasına görə, Tovuzda yol təmiri kosmetik arakter daşıyır ki, buna da milyonların xərcləndiyi inandırıcı deyil.
İcra hakimiyyətinin əsasən şübhəli şirkətlərə sifariş verməsi də Tovuzda yol təmirinin hansısa qaranlıq məqsədlərə xidmət etdiyinə şübhə yaradır.
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovdur. O, artıq 5 ildir ki, bu vəzifədədir.
Mənbə: Reportyor.info