Tovuz rayon Subartezian Quyularının İstismarı İdarəsi satınalınma müsabiqəsinə yekun vurub.
REPORTYOR.info xəbər verir ki, müsabiqənin qalibi “EMV Group” MMC olub. Şirkət idarəni tikinti materialları ilə təmin edəcək. Bunun müqabilində “EMV Group” MMC-yə 224 345.98 AZN ödəniləcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında qeyd edilir ki, “ÜMV Group” MMC 10 iyun 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı100 000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi (Yeni Günəşli qəs.) ev 16, mənzil 13-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Əsgərov Adil Azər oğlu olub.
07 aprel 2021-ci il tarixində reyestr sənədlərinə edilən dəyişikliklərdən sonra şirkətin hüquqi ünvanı və qanuni təmsilçisi dəyişib. İndi MMC-nin hüquqi ünvanı Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, ev 54, 11-ci küçəsi, Dalan 4-də yerləşir. Qanuni təmsilçisi isə Xalid Məmmədov Nəriman oğludur.
10 ay əvvəl yaranan şirkət aprelin 9-da Lənkəran şəhər İcra Hakimiyyətinin keçirdiyi yaşayış binalarının əsaslı təmiri işlərinin satınalınmasının da qalibi olub. Həmin tenderin məbləği 288 753.86 AZN təşkil edib.
Şirkətin fəaliyyəti ilə bağlı internet resurslarında hər hansı bir məlumat olmasa da, hazırda MMC-nin 8 710.82 qəpik vergi borcu var. Satınalmalar haqqında mövcud qanunvericilik vergi öhdəliklərinə əməl etməyən hüquqi və fiziki şəxslərin tenderlərdə iştirak etməsini qadağan edir. Həmçinin, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması lazımdır. Bu baxımdan 10 əvvəl yaranan şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı da aydın deyil.