Axtarış...

Rafiq Cəlilovun 246 minlik yol təmiri - Cənub bölgəsinin tenderlərini udan “Birlik-3A” kimindir?


Cəlilabad Rayon İcra Hakimiyyəti Cəlilabad və Göytəpə şəhərlərində yolların əsaslı təmiri işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.

Tenderin qalibi "Birlik-3A” MMC seçilib. Qurumla şirkət arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 246 205,8 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Birlik-3A” MMC 23 iyun 2011-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 AZN olan şirkətin hüquqi ünvanı Masallı rayonu, Gəyəçöl kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi isə Cəbiyev Mübariz Abdin oğludur.

Mübariz Cəbiyevdən əvvəl şirkətin qanuni təmsilçisi Quliyev Qulamhəsən Səməd oğlu, ondan əvvəl isə Abıyev Zaur Niyazi oğlu olub. Zaur Abıyev həm də "Elnur-2” İstehsal Kommersiya Şirkətinin qanuni təmsilçisidir.

Bu şirkət "tender kralı" kimi tanınır. Əsasən cənub bölgəsində yerləşən rayonların yerli qurumlarının keçirdiyi tenderlərin qalibi olur. Zaur Abıyevin adı "MTN işi”ndə də keçir. O bu işdə zərərçəkən qismində tanınıb.

Zaur Abıyevin də "Birlik-3A” MMC-nin qanuni təmsilçisi olması bu şirkətin də tender əməliyyatlarında iştirak üçün yaradılması barədə şübhələrə səbəb olub.

Adətən tender oyunları üçün yaradılan şirkətlər barəsində açıq mənbələrdə heç bir məlumat olmur. "Birlik-3A” MMC də bu qəbildəndir. Yəni, şirkət barəsində açıq mənbələrdə heç bir məlumat yoxdur.

Digər tərəfdən, dövlət satınalmalarının vahid elektron portalında yerləşdirilən məlumatlardan görünür ki, "Birlik-3A” MMC də "Elnur-2” şirkəti kimi əsasən cənub bölgəsində yerləşən rayonların yerli qurumlarının keçiridyi tenderlərin qalibi olur.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovdur. O, 2021-ci ildən bu vəzifədədir. Qaynarinfo
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz