Axtarış...

Tovuzda RƏSMİ TALAN... - ARAŞDIRMA

Tovuzda RƏSMİ TALAN... - ARAŞDIRMA

Tovuz Rayon İcra Hakimiyyətinin 2022-2023-cü illərdə keçirdiyi tenderlər araşdırma yazısını təqdim etmişdik. Həmin yazıda qeyd edilirdi ki, 2022-2023-cü illərdə Tovuzun yollarına 2 milyon manata yaxın vəsait xərclənsə də, reallıq bunun əksini göstərir. Tovuz sakinləri yolların bərbad olduğunu, heç bir təmir işlərinin aparılmadığını bildirmişdi.

Reportyor.info bu dəfə Tovuz Rayon İcra Hakimiyyətinin 2021-ci ildə keçirdiyi tenderləri araşdırıb. Araşdırma nəticəsində aydın olub ki, qurumun müqavilə imzaladığı şirkətlər tender oyunlarında ad çıxarmış biznes subyektləridir. Məsələn, icra hakimiyyəti rayonda abadlıq işlərinin görülməsi ilə bağlı 2021-ci “Raul-2014” MMC ilə maliyyə dəyəri 169 336, 48 AZN təşkil edən satınalma müqaviləsi imzalayıb.

“Raul-2014” MMC 12 oktyabr 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN-dir. Şirkətin hüquqi ünvanı Tovuz rayonu, Qovlar şəhəri, Ş.Qurbanov küçəsi, ev 42-də yerləşir. MMC-nin qanuni təmsilçisi Axundov Məhəmmədəli Fərhad oğludur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barəsində heç bir məlumata rast gəlinmir.
Dövlət satınalmalarının elektron portalında yerləşən məlumatlardan aydın olur ki, bu şirkət əsasən Tovuz Rayon İcra Hakimiyyəti və ona tabeli qurumların keçirdiyi tenderlərin qalibi olur. Yeri gəlmişkən, “Raul-2014” MMC ilə satınalma müqaviləsi imzalayanda şirkətin yaranmasında 1 il ötüb.
“Dövlət satınalmaları haqqında” Qanunda satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması lazımdır. 1 ilin şirkətinin bu kriteriyalara cavab verəcəyi inandırıcı görünmür.

Tovuz Rayon İcra Hakimiyyətinin sevimli şirkətlərindən biri də “Günay-88” MMC-dir. Qurum Əsrik Cırdaxan, Yanıqlı, Qəribli və İbrahimhacılı kəndlərində yağan leysan yağışların, dolu və sel sularının sakinlərin kəndli təsərrüfatlarına və məişət əşyalarına vurduğu ziyanın aradan qaldırılması işlərinin satın alınması ilə bağlı şirkətlə 41.092 manatlıq müqavilə imzalayıb. Bu şirkət 13 aprel 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Tovuz rayonu Qovlar şəhəri, vağzal, ev 26-da yerləşir. MMC-nin qanuni təmsilçisi Əliyev Rasim Əhməd oğludur. Göründüyü kimi 2021-ci ildə yaranan şirkət elə həmin ildə də Tovuz Rayon İcra Hakimiyyətinin keçirdiyi tenderin qalibi olub. Bu arada qeyd edək ki, icra hakimiyyəti bu şirkətlər Şəhidlər Xiyabanında təmir işləri ilə bağlı da satınalma müqaviləsi imzalayıb. Müqavilədən aydın olur ki, təmir işlərinə 106.227,28 AZN xərclənib. Tovuz sakinləri isə iddia edir ki. təmir işləri icra nümayəndələrinin hesabına həyata keçirilib. Özü də vəsait xeyli şişirdilib.

“Günay-88” MMC-nin şübhəli şirkət olduğuna dair daha bir fakt onun qanuni təmsilçisi Rasim Əliyev başqa bir MMC-nin də qanuni təmsilçisi olması ilə bağlıdır.
Söhbət “Taleh-RT” Un Sənayesi Birgə Müəssisəsindən gedir. Bu şirkət 1998-ci ildə qeydiyyatdan keçib. Nizamnamə kapitalı barədə bəlumat yoxdur.
“Taleh-RT” MMC “Günay-88” MMC ilə eyni ünvanda qeydiyyatdadır. Bu şirkət də Tovuz Rayon İcra Hakimiyyətinin keçirdiyi tenderin qalibi olub. Qurum Bozalqanlı, Düz Qırıqlı, Abulbəyli və Aşağı Quşçu kəndlərində tikintisi nəzərdə tutulan uşaq bağçası-körpələr evinin layihə-smeta sənədlərinin hazırlanması işlərini “Taleh-RT” MMC-yə sifariş edib. Satınalma müqaviləsinin maliyyə dəyəri isə 61.065,24 AZN-dir.
Beləliklə, göründüyü kimi “Raul-2014” MMC, “Günay-88” MMC və “Taleh-RT” MMC-nin hüquqi ünvanı Tovuzun Qovlar şəhərində yerləşir.
Bu şirkətlərin yerli məmurlara, yaxud icra başçısı Məmməd Məmmədova yaxın şəxslərə məxsus olması barədə şübhələr var. //Reportyor.info//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz