“Expressbank”da xarici valyuta mübadiləsi edən müştərilərin hüquqları kobud şəkildə pozulur. Belə ki, dollar almaq istəyən müştəridən gəlir mənbəyi, iş yeri, vəzifəsi, yaşadığı ünvanı bildirməsi tələb olunur. Sanki müştəri 100 dollar almağa deyil, şübhəli şəxs kimi istintaqa ifadə verməyə gəlib.
Millitv.az bildirir ki, bu barədə Tribunainfo.az-a verilən xəbərdə deyilir ki, digər banklarda belə tələblər irəli sürülmür. İstənilən şəxs bankın kassasına şəxsiyyət vəsiqəsi ilə yaxınlaşır və ona lazım olan məbləğdə valyuta mübadiləsi aparır. Amma adıçəkilən “Expressbank” isə müştərinin heç bir əsası olmadığı halda az qala müştərinin nəsil-nəcabətini araşdırır. Əgər başqa banklar bu tələblə çıxış etmirsə, deməli, nə valyuta mübadiləsi haqda hər hansı belə rəsmi qaydalar müəyyənləşib, nə də banklar haqda bu qanunlar mövcuddur. Ən gülməli odur ki, müştəridən gəlir mənbəyi soruşulur. Təbii ki, anketin formal olaraq doldurulması üçün şəxsi qazanc və ya aylıq məvacib göstərilə bilər. Yəni anketi doldurmaq xatirinə yola vermək…Amma banka nə aidiyyatı var ki, müştəri bu pulu hansı yolla, necə əldə edib və hələ bir ona gəlir mənbəyi barədə hesabat versin. Tutaq ki, müştəri 100 dollar almaq istəyir və 170 manat verir, anketdə də gəlir mənbəyini küçədə nəzir yığmaqla göstərir, bu cavab bankı qane edəcəkmi? Yaxud müştəriyə bu pulu qayınanası verib, bankın ürəyincə oldumu onun gəlir mənbəyi? Bir sözlə, gülməli, absurd və əsassız bir tələb… Hələ bura müştərinin iş yeri, vəzifəsi, yaşadığı daimi ünvanı demirik. Sanki vətəndaş şübhəli şəxs qismində sorğu-sual olunur. Əgər müştəri barəsində axtarış yoxdursa, hüquq-mühafizə orqanları onun valyuta mübadiləsi ilə bağlı hər hansı şübhələrə sahib deyilsə, “Expressbank” niyə anket doldurur? Axı başqa banklarda belə tələb yoxdur, deməli, özfəaliyyətdir. Müştərinin banka yaşadığı və işlədiyi yeri demək məcburiyyəti yoxdur. Hər halda bankın açıqlamasını və izahını eşitmək maraqlı olardı, biz də cavabı işıqlandırmağa hazırıq.