Axtarış...

Çökməkdə olan “Expressbank”da nə baş verir? - GƏLİŞMƏ

Çökməkdə olan “Expressbank”da nə baş verir? - GƏLİŞMƏ

7NEWS.az xəbər verir ki, "Expressbank” ASC-nin İdarə Heyətinin tərkibində dəyişiklik edilib. Belə ki, bankın İdarə Heyətinin sədri İlham Həbibullayev vəzifədən kənarlaşdırılıb. "Expressbank”ın Müşahidə Şurasının qərarına əsasən Bankın İdarə Heyəti sədrinin səlahiyyətləri İdarə Heyəti sədrinin müavini Mehman Məmmədova həvalə olunub.
Redaksiyamıza daxil olan məlumata görə bu hadisələr bank daxilində baş verən böhranla bağlıdır.
7NEWS.az xəbər verir ki, "Expressbank” "Azərenerji”nin sabiq rəhbəri Etibar Pirverdiyevin bankı kimi tanınır. Elə rəsmən də bankın əsas səhmdarları Priverdiyevə məxsus "AZENCO Group” MMC və Hikmət Xammədovdur. H.Xammədovun isə E.Pirverdiyevin qayını olduğu bildirilir. Bu şəxsə həmçinin "Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları” ASC-nin 98,5 faizi məxsusdur.
Məlumata görə "Expressbank” Etibar Pirverdiyev vəzifədə olduğu müddətcə bunca zərərlə işləməyib. O, vəzifədən gedəndən sonra isə bankın zərərinin artması nə ilə izah oluna bilər?
Hüquqşünas Əkrəm Həsənov deyir ki, "Expressbank” Etibar Pirverdiyevin himayəsində olması kimsəyə sirr deyil: "Vaxtilə ”Atabank" da Fazil Məmmədovun himayəsində idi. "Expressbank” Etibar Pirverdiyevin vaxtında da zərərlə işləyən banklardan idi. Amma Etibar Pirverdiyev vəzifədə olanda bankın, digər şirkətlərinin problemlərini telefonla həll edirdi. İndi isə onun zənginə əvvəlki reaksiya da verilməz. İnanmıram ki, Pirverdiyev vəzifədən gedəndən sonra kiməsə zəng edib bankın problemlərini həll edə bilər. Ona görə də hazırda belə bir vəziyyət yaranıb. Əvvəllər belə idi ki, "Expressbank”ın qaytarılmasında problemlər olan kreditləri ilə bağlı məsələ məhkəmə müstəvisinə gedib çıxanda Etibar Pirverdiyevi eşidirdilər, bankın xeyrinə qərar verilirdi. Bu gün köhnə metodlar keçərli deyil. Təbii ki, bu halda da problemlər əvvəlki kimi həll oluna bilmir və üzə çıxır. Məlum olur ki, "Expressbank”ın xeyli problemli kreditləri var".
Məlumatda qeyd edilir ki, Etibar Pirverdiyev vəzifədə olduğu müddətdə "Expressbank”ın problemli kreditlərini ört-basdır ediblər: "Əvvəllər də zərərlər olub, sadəcə, üzə çıxarmayıblar. Hazırda isə bankın güclü himayədarı yoxdur deyə zəng edib işləri yoluna qoya bilmir. Necə ki, ölkənin enerji sisteminə milyonlarla pul qoyulurdu, hər şeyin qaydasında olması bəyan edilirdi, bankla bağlı da eyni durum olub”
Mövzunu diqqətdə saxlayacağıq. (7NEWS.az)
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz