Qonşu ölkələrdə ABŞ dollarının bahalaşması fonunda Azərbaycanda dolların rəsmi məzənnəsi dəyişməz qalsa da, artıq bəzi banklar dolların alış-satış qiymətlərini artırmağa başlayıblar.
Millitv.az FED.az-a istinadən məlumat verir ki, ötən həftənin sonudakı məzənnələrləmüqayisədə dolların bu günkü alış-satış məzənnələrində bir sıra dəyişikliklər var.
Belə ki, bankların əksəriyyətində dolların satış qiyməti ötən həftə 1,7020 manat olduğu halda, bu gün 1,7030 manatdır. Bəzi banklarda dolların satış qiyməti sürətlə artıb.
Belə ki, Azərbaycan Sənaye Bankında (ASB) dolların satış qiyməti 1.7010 manatdan bu gün 1,7050 manata, «Silk Vey Bank»da 1,7 manatdan 1,7045 manata, «Yapı Kredi Bank- Azərbaycan»da isə 1,7020 manatdan 1,7040 manata yüksəlib.
Hazırda Azərbaycanda dolların ən baha satıldığı banklar ASB və «Naxçıvanbank»dır – 1,7050 manat.
Dolları ən ucuz satanlar isə «Paşa Holdinq»ə daxil olan «Paşa Bank» və «Kapitalbank», eləcə də «Expressbank» və «Xalqbank»dır – 1,7020 manata. «Ziraatbank-Azərbaycan» isə dolları 1,7022 manata satır.
Dolları ən baha alan banklar isə «Expressbank», «NBC Bank», «Nikoilbank», «Unibank»,«Turanbank»,«Silk Vey Bank» - hamısı 1,7 manat, eləcə də «Günaybank» 1,7005 manatdır.