Azərbaycanda 2021-ci ilin ilk antikorrupsiya əməliyyatlarından biri də dollar alverçisinə qarşı olub. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsi əməkdaşları bu yöndə əməliyyat keçiriblər. Azərbaycan vətəndaşı Qalib Nuhiyev 2019-cu ilin dekabrından Eltac Xudaverdiyevdən icarəyə götürdüyü qeyri-yaşayış sahəsində Eltac Xudaverdiyevlə birgə xarici valyuta əsginasları satırmış. Korrupsiya İdarəsi araşdırıb ki, 2 Azərbaycan vətəndaşı bu yolla 60 min manat məbləğində gəlir əldə edib. Faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.1 (xeyli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq) maddələri ilə cinayət işi başlanıb.
2016-cı ilin yanvarında Azərbaycanda valyutadəyişmə məntəqələrinin lisenziyaları ləğv olunub. Lisenziyaların ləğvi ilə valyutadəyişmə məntəqələrində çalışan 6 minə yaxın Azərbaycan vətəndaşı işsiz qalıb. Bundan sonra xarici valyuta yalnız banklar üzərindən satışa çıxarılır. Artıq 5 ildir ki, hüquq-mühafizə orqanları əsasən dollar alveri edən dəllallara qarşı əməliyyat keçirir. 2017-ci ilin aprelində Milli Məclisdə “Valyuta tənzimi haqqında” Qanun müzakirəyə çıxarılıb və qəbul edilib. O zaman müzakirələr zamanı deputat Qüdrət Həsənquliyev bildirib ki, valyutadəyişmə məntəqələrinin fəaliyyətinin dayandırılması turist və vətəndaşlar arasında narahatlıqlara səbəb olub, müəyyən çətinliklər yaradıb. Deputat valyutadəyişmə məntəqələrinin fəaliyyətinin bərpasını və vətəndaşların bu hüquqlardan yararlanmasına şəraitin yaradılmasını müsbət qiymətləndirib. Ölkəmizdə 1 il müddətində 1000-dən artıq valyutadəyişmə məntəqələrinin fəaliyyətinin dayandırıldığını deyən deputat əlavə edib ki, bunun nəticəsində çoxlu sayda insanlar işsiz qaldı, pullar isə “qara bazar”da dövr etdi.
Qanun qəbul edilsə də, valyutadəyişmə məntəqələri bu günə qədər bağlıdır. İddia olunur ki, əsas səbəb devalvasiya təhlükəsidir. Hökumət külli miqdarda dolların nəzarətdən çıxması və manatın kursuna mənfi təsirindən narahat olduğu üçün buna şərait yaratmır. Bu da qeyri-qanuni fəaliyyətlərə gətirib çıxarır. Bu doğru yanaşmadırmı? Belə deyilsə, hökumət əvvəllər hər addımbaşı rast gəlinən valyutadəyişmə məntəqələrinin açılmasında niyə maraqlı deyil?
Vaxtilə Mərkəzi Bankda işləmiş iqtisadçı-ekspert Əkrəm Həsənov “Yeni Müsavat”a deyib ki, bazar münasibətlərinin inzibati müdaxilələr yolu ilə tənzimlənməsi heç bir zaman normal inkişafa gətirib çıxarmayıb. Əksinə, bu cür inzibatçılıq inkişafın qarşısını alır: “2016-cı ilə qədər fəaliyyətdə olan valyutadəyişmə məntəqələri formal olaraq bankların şöbələri idi. Amma bu məsələ formal idi, hamı bilirdi ki, valyutadəyişmə məntəqəsi açmaq istəyən şəxs gedib bank rəhbəri ilə razılaşırdı, bank rəhbəri də Mərkəzi Bankdan müvafiq lisenziya alıb verirdi. Bundan sonra bankın valyutadəyişmə məntəqəsinə o qədər də aidiyyəti olmurdu, aylıq pul alırdılar, bununla da məsələ bitirdi. O dövrdə valyutadəyişmə əməliyyatlarında marja var idi. Kurs Mərkəzi Bankın müəyyən etdiyi məzənnədən 2 faizdən artıq fərqlənə bilməzdi. Sonradan 4 faizə qaldırdılar və bir müddət belə davam etdi, ümumiyyətlə marjanı ləğv etdilər. Bu gün Azərbaycanda fəaliyyətdə olan banklar formal olaraq istənilən məzənnə ilə əməliyyat apara bilərlər. Qanunlara edilən dəyişikliklərə görə, valyutadəyişmə məntəqələri banklardan asılı olmayan qurumlardır. Valyutadəyişmə məntəqələri müstəqildirlər. Qanunvericiliyə dəyişiklik Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən edilmişdi. Bu gün bu səlahiyyətlər Mərkəzi Bankdadır və valyutadəyişmə məntəqələrinin fəaliyyəti də ondan asılıdır. Mərkəzi Bank ölkədə fəaliyyətdə olan 26 bankı idarə edir, yəni işi asandır. Valyutadəyişmə məntəqələri bağlanana qədər ölkədə 1000-dən çox belə məntəqə fəaliyyətdə idi. Əgər fəaliyyətə imkan verilsə, işğaldan azad edilmiş ərazilər də daxil, ölkədə valyutadəyişmə məntəqələrinin sayı sürətlə artacaq və Mərkəzi Bank onlara təzyiq edib kursu saxlaya bilməyəcək. Hansısa valyutadəyişmə məntəqəsi valyutanı istədiyi məzənnə ilə dəyişəcək. Bu da Mərkəzi Banka, sadəcə, sərf eləmir, çünki prosesləri istədiyi kimi idarə edə bilməyəcək. Məsələnin təəccüblü tərəfi də budur ki, bu gün istənilən bank, istənilən valyutanı istədiyi məzənnə ilə dəyişə bilər. Lakin dəyişmirlər, çünki banklarda xarici valyuta çatışmır. Sahibkarlar şikayətlənirlər ki, gedib istədikləri qədər valyuta ala bilmirlər”.
Əkrəm Həsənov deyir ki, bu gün banklarda valyutanın olmamasının 2 səbəbi var: “Ola bilər ki, banklar Mərkəzi Bankdan istədikləri qədər valyuta ala bilmirlər. Bu halda Mərkəzi Bankda problemlərin olduğu qaçılmazdır. Amma Mərkəzi Bank sədri bəyan edir ki, devalvasiya olmayacaq, yəni problem yoxdur. Problem yoxdursa, banklara valyuta niyə satılmır? Digər məsələ baş verənlərin bir oyun olmasından ibarətdir. Yəni dollar qıtlığı yaradanlar ”qara bazar"ı stimullaşdırır. Banklarda dollar qıtlığı yaradanlar bunu bilə-bilə edirlər ki, “qara bazar” işləsin, sahibkarlar oradan daha yüksək məzənnə ilə dollar almağa məcbur olsunlar. Bu gün faktiki olaraq banklara istədikləri məzənnə ilə dollar satmağa imkan verilmir. 1.7-dən 1.75-ə dolları qaldıra bilmirlər. Bu gün hər hansı bir bank 1.75-lə dollar satışa çıxarsa və elan etsə ki, satış üçün kifayət qədər dollar var, hamı gedib ondan dollar alacaq. Bu da əhali üçün o demək olacaq ki, deməli, devalivasiya gəlir. Ona görə də banklara da çox dollar satmağa imkan vermirlər. Bu da ölkədə sahibkarlığın durumunu ağırlaşdırır. Sahibkarlar məcbur olub “qara bazar”dan dollar alırlar. Ölkədə dollara tələb var. Bazar qanunu da budur ki, tələb varsa, təklif də mütləq olacaq. Sahibkarlar şikayət etmirlərsə, deməli, dolları haradansa alırlar. Ayrı-ayrı şəxslərin dollar satışına görə həbsləri də heç nəyi dəyişməyəcək. Çünki ortada çox ciddi şəkildə tələbat var. Sahibkar haradan olsa dollar alıb ticarətini davam etməlidir. Hökumət sahibkarların dolları “qara bazar”dan alınmasını istəmirsə, şərait yaratsın, dollar satan valyutadəyişmə məntəqələrinin fəaliyyətinə qeyri-rəsmi qadağalar aradan qalxsın. Onsuz da pandemiya dövründə iş adamları müflis duruma düşüb, çətinliklərlə üz-üzədirlər. 2016-cı ildən bu yana ildə 3-4 “qara bazar” iştirakçısını həbs etməklə ümumilikdə bu bazarı aradan qaldırmaq mümkün olmayacaq. Çünki bazar qanunları, bazar tələbləri var. 3-4 nəfəri tutdular, bazar bağlandı düşünənlər yanılırlar".
Əkrəm Həsənov cəmiyyətdəki “valyutadəyişmə məntəqələri açılsa, devalvasiya olacaq” fikrinə belə münasibət bildirdi: “Adi insanlar gedib valyutadəyişmə məntəqəsində dolların 1.75-ə, 1.85-ə satıldığını görəndə düşünürlər ki, devalivasiya var. Bu zaman mümkündür ki, Mərkəz Bank deyəcək ki, mənim məzənnəm 1.70-dir, devalvasiya da yoxdur. Valyutadəyişmə məntəqələri idarə olunan deyil. Çünki Mərkəzi Bankın qarşısında ”qrex"ləri yoxdur. Bu gün istənilən bank, istənilən məzənnə ilə dollar sata bilər. Amma Mərkəzi Bankın qarşısında o qədər günahı var ki, bunu etməkdən çəkinir. Valyutadəyişmə məntəqələri isə Mərkəzi Bankdan asılı deyil, dolları banklardan deyil, adi insanlardan alıb sata da bilir. Məzənnəni də özü müəyyən edir. Amma bu halda hamı görəcək ki, filan yerdə valyutadəyişmə məntəqəsi dolları 1.75-lə satır, camaat düşünəcək ki, devalvasiya var. Bunun qarşısını almaq üçün valyutadəyişmə məntəqələrinin fəaliyyətinə imkan vermirlər, bununla da sahibkarlar daha baha qiymətə dollar almağa məcbur qalır. Bundan başqa, qeyri-müəyyənlik də bazara mənfi təsir edir. Belə olan şəraitdə də Azərbaycana kimsə pul qoymağa həvəs göstərmir. Burada sərmayəsi olanlar da ölkədən çıxarmağa can atırlar. Valyutadəyişmə məntəqələrinin fəaliyyətinə icazə verilməlidir ki, ölkədə iqtisadiyyat normal şəkildə inkişaf edə bilsin".