Axtarış...

201 saylı məktəb, yoxsa BAŞQA NƏSƏ?.. - İLGİNC İDDİALAR...

201 saylı məktəb, yoxsa BAŞQA NƏSƏ?.. - İLGİNC İDDİALAR...


Bir millətin gələcəyini məhv etməyin ən asan yolu onun təhsilinə zərbə vurmaq və savadsız cəmiyyətin formalaşmasına nail olmaqdır. Bəli,"Təhsil millətin gələcəyidir". Necə deyərlər, "Qüvvət elmdədir başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz". Azərbaycanın təhsil sahəsində uzun illər dövlət tərəfindən həyata keçirilən islahaltlar nəticəsində ölkədə savadlı kadrların formalaşması geniş vüsət alıb.

Bu işdə yeni-yeni məktəblərin tikilərək istifadəyə verilməsi, yaxud yenidən qurulması, həmçinin maddi-texniki bazanın formalaşdırılması mühüm rol oynayıb. Lakin təəssüflə qeyd etməliyik ki, təhsil sahəsində hələ də çox ciddi nöqsanlar mövcuddur və bu problemlərin həll olunmaması gələcəyimizi ciddi təhlükə altına qoya bilər.

Belə problemlərdən biri də Bakının Nizami rayonunda yerləşən 201 saylı tam orta məktəbdə tüğyan edir. Hərçənd burada baş verən qanunsuzluqların miqyası o qədər böyükdür ki, adıçəkilən məktəbi elm ocağı adlandırmağa da adamın dili gəlmir. 201 saylı orta məktəb sanki "yeraltı qanunlar"la idarə olunur və direktor Afaq Əliyeva da özünü əməlli-başlı "kriminal avtoritet" kimi aparır. Afaq Əliyeva haqqında şikayətlər o qədər çoxdur ki, artıq sayı-hesabı da bilinmir.

Adıçəkilən məktəbin rəıhbərliyi haqda növbəti şikayəti təhsil müəssisəsinin tarix müəllimi, tarix üzrə fəlsəfə doktoru Cəmalə Əsgərova edib. Cəmalə Əsgərovanın iddialarına inansaq məktəbin direktoru Afaq Əliyeva müəllimləri iki hissəsyə bölüb. Onun qanunsuz əməllərinə boyun əyənlərə və sözünü deyənlərə əlavə dərs saatları mükafat kimi verilir.

Digərləri isə ya töhmət alır, ya da dərs saatları azaldılır. Ancaq bütün bunlar Afaq Əliyevanın özbaşınalıqlarının yalnız kiçik bir hissəsidir. Belə ki, özünü "avtoritet" hesab edən direktor dərsə gəlməyən uşaqları qanunsuz olaraq qiymətləndirir, şagird çatışmazlığı səbəbilə sinfi ləğv edir, müəllimləri "şərəfsiz" adlandıraraq şəxsiyyətlərinə həqarətlə yanaşır, səlahiyyəti olmadığı təqdirdə müəllimləri işdən çıxarır, yaxud yerdəyişmə həyata keçirir.

Bütün bunlarla yanaşı bir dəfə tutulmalı olan dərs cədvəlini hər gün dəyişdirir, qəbuluna isə ümumiyyətlə öncədən yazılmadan düşmək mümkün olmur. Bax Afaq Əliyeva bu cür diktator direktor kimi 201 saylı orta məktəbin tarixinə adını yazdırmağı bacarıb. Hər halda tarix müəllimi Cəmalə Əsgərovanın iddialarından bu qənaətə gəlmək mümkündür.

Cəmalə Əsgərovanın iddiaları bununla da bitmir. Onun sözlərinə görə, direktor Afaq Əliyeva ixtisasça əmək müəllimi olan direktor müavini Nəriman Vəliyevlə birlikdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadəni məktəbin 6c sinfində yoxlamaya cəlb edib. Hansı ki, həmin vaxt dərsdə məhz Afaq Əliyevanın qanunsuzluqlarını ifşa edən tarix müəllimi Cəmalə Əsgərova olub:

"Anar Mustafazadə özünü təqdim etmədən icazəsiz və etik davranış qaydalarını pozaraq dərsimə girdi. Nə məqsədlə gəldiyini soruşduqda məqsədinin dərsi dinləmək olduğunu bildirdi. Dərsin bitməsinə 15 dəqiqə qaldığını bildirdikdə saymazyana keçib arxada oturub dərsinizi davam edin dedi. Bu adamın kim olduğunu sonradan öyrəndim.

Məlum oldu ki, Anar Mustafazadənin dərdi məktəbdə boş keçən dərs saatlarının yoxlanılması deyilmiş. Əksinə o, direktorun qərəzçilik edərək töhmətə layiq gördüyü müəllimlərin dərsində oturub iradlar bildirmək üçün gəlibmiş. Görünən odur ki, Anar Mustafazadənin məqsədi direktor Afaq Əliyeva tərəfindən verilən tapşırığı yerinə yetirib. Bundan başqa direktorun tapşırığı ilə 15 sentyabrdan bu günə kimi həftədə 1 dəfə dərsimdə idman, riyaziyyat, əmək müəllimləri, psixoloqlar oturub", - deyə Cəmalə Əsgərova vurğulayıb.

Qeyd edək ki, Cəmalə Əsgərova ona verilən töhməti əsassız hesab etdiyi üçün direktoru məhkəməyə verəcəyini bildirib. Alimlik dərəcəsi olan, 2015-ci ildə "ilin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi seçilərək Prezident tərəfindən birdəfəlik pul mükafatına layiq görülən bir müəllimə qarşı bu cür qanunsuzluqların edilməsi təbii ki, heç bir məntiqə sığmır. Bundan başqa məktəbin direktor müavini işləyən Svetlana Hüseynova da bir müddət öncə direktor Afaq Əliyevadan şikayətçi olmuş və onun özbaşınalıqlarını ifşa etmişdi. Ümid edirik ki, aidiyyatı qurumlar bütün səsləndirilən iddialarla bağlı ölçü götürəcəklər və müəllimləri "cana yığan" direktorun əməlləri araşdırılaraq lazımı qiymət veriləcək.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq! //azerbaycanreaalligi.com//
Text-to-Speech

DİNLƏ






Şərh yaz