Diqqətli oxucular yəqin ki, Səbail rayonunda fəaliyyət göstərən Etibar Əliyev adına 162 saylı tam orta məktəbi yaxşı xatırlayırlar. Çox arzu edərdik ki, bu xatırlama məktəbin əldə etdiyi yüksək elmi nailiyyətlərdən, şagirdlərin qazandığı uğurlardan ibarət olaydı.
Təəssüf ki, belə deyil. Bu təhsil ocağını son illərdə gündəm edən ən mühüm hadisə məktəbin şagirdi Elinanın elə məktəbdəcə canına qıyması və bundan sonra baş verən proseslərdir. Düzdür məlum hadisədən sonra məktəbin direktoru vəzifədən azad edildi.Paytaxtın ən böyük təhsil ocaqlarından birinə Arzu Nəzərova rəhbər təyin edildi.
Bu dəyişiklikdən sonra çoxları arzu edirdi ki, 162 saylı məktəbdə nəhayət ki,sular durular və normal təhsil mühiti yaradılar. Amma necə deyərlər, sən arzu etməyində ol, gör Arzu nə edir...
Rubrika.Az saytına daxil olan məlumatlara görə, məktəbdə narazılıqlar pik həddə çatıb. Rəhbərliklə müəllimlər və valideynlər arasında uçurum hər gün bir qədər də dərinləşir. Artıq 1 ilə yaxındır ki, pandemiya səbəbindən dərslərin dayandırılmasına baxmayaraq direktor müəllimləri istədiyi vaxt iclaslara toplayır. Bəzi hallarda 60-70 nəfərin iştirak etdiyi bu iclaslarda heç bir karantin qanunlarına riayət edilmir.
Həmçinin A.Nəzərovanın məktəbi müəllimlərin hesabına təmir etdirilməsi kimi daha bir yeniliyə imza atdığı da bildirilir. Onun sinif otaqlarını sinif rəhbərlərinin vəsaiti ilə təmir etdiyinə dair məlumatlar KİV-lərin sevimli mövzularından biridir.
Verilən məlumatlara görə, məktəbin müəllimləri bundan əlavə hər ay direktora “görüm-baxım” etməlidirlər. Dərs saatları,dərnəklər, fakultətiv saatlar da bu prinsiplə paylanılır.
Rubrika.Az saytına verilən məlumatlara görə, 162 saylı məktəbdə yaranmış vəziyyət o qədər ciddi hal alıb ki, bir müddət əvvəl A.Nəzərovanın vəzifədən alınması məsələsi gündəmə gəlib. Amma, hansısa qüvvələr onu qorumağı bacarıb. Kollektivdə narazılıqlar və şikayətlər isə hər gün bir az da artır. Bildirilir ki, artıq heç kim mövcud şərtlər daxilində işləməyə razı deyil. Kollektivin arzu etmədiyi direktoru Arzu edənlər isə hələ ki, üstündürlər.
Mövzunu diqqətdə saxlayacağıq.
Rubrika.Az