Mingəçevir şəhərində yerləşən 20 nömrəli tam orta məktəbin arzuolunmaz durumu valideynlər arasında ciddi narahatlıq yaradır. Belə ki, uzun müddətdir istifadəyə verilmiş təhsil ocağı indiyə kimi əsaslı təmir olunmayıb. Aktualxeber.az-ın müxbirinə danışan valideynlər binanın təhlükə mənbəyi olduğuna, soyuqdan sinif otaqlarında oturmağın mümkün olmadığına görə övladlarını məktəbə göndərmək istəmədiklərini deyirlər.
Valideynlər neçə illərdir məktəbin təmirini gözləsələr də, artıq ümidlərini üzüb, dərs ilinin sonunda övladlarını məktəbdən çıxararaq başqa təhsil ocağına qoymaq haqda düşünürlər. Valideynlər 20 saylı məktəbin şəhərdə ən bərbad təhsil ocağı olduğunu deyir: “Orta məktəbdə vəziyyət çox acınacaqlıdır. Sinif otaqlarında böyük və dərin çatlar var, nəmişlik də bir yandan. Hələ qapısı bağlanmış və işlək vəziyyətdə olmayan ayaqyollarını demirik”.
Dəfələrlə valideyn və müəllimlər Mərkəzi Aran Təhsil İdarəsi Mingəçevir şəhər Təhsil Sektoruna müraciət etsələr də, “ancaq bu yaxınlarda baxılacaq” cümləsini eşidiblər. ULU ÖNDƏRİMİZ UŞAQLAR AZƏRBAYCANIN GƏLƏCƏYİDİR, MÜƏLLİMDƏN UCA ZİRVƏ TANIMIRAM DEYİRDİ. Görəsən gələcəyimiz olan uşaqların belə bir şəraitdə təhsil almalarından direktor Məmmədova Tünzalə Qəmbər qızı niyə narahat olmur? Ümidvarıq ki, bizim vasitəmizlə problemin ictimailəşməsini istəyən valideynlərin haqq səsinə əlaqədar qurumlar vaxtında obyektiv reaksiya verəcəklər.
Qarşı tərəfi də dinləməyə hazırıq. //Aktualxeber.az//