Bu günlərdə gundemxeber.az-ın redaksiyasına Xaçmaz rayonunun Yaquboba kəndində “həkimlik” fəaliyyəti ilə məşğul olan Şahlar Qurbanov adlı şəxsin qol qoyduğu əməllərlə bağlı sensasion məlumatlar daxil olub. Daxil olan məlumatlarda qeyd olunur ki, Şahlar Qurbanov özünü geniş ictimaiyyət arasında müxtəlif sümük-oynaq xəstəliklərin müalicəsini həyata keçirən şəxs kimi tanıtdıra bilib. Bu şəxsin fəaliyyətində sınıq-çıxıq travmaların, eləcə də onurğa sümüyündə əmələ gələn müxtəlif xəstəliklərin müalicəsini həyata keçirmək durur. Məsələnin maraqlı və düşündürücü tərəfi odur ki, heç bir rəsmi dövlət qurumundan icazə sənədi (lisenziyası) olmayan Şahlar Qurbanov, hətta yaşadığı evin həyətyanı sahəsində “Ambulator məntəqə” də açır. “Ambulator məntəqə”də gündəlik qəbul olunan xəstələrin qeydiyyatı həyata keçirilir və xidməthaqqı ilə bağlı müxtəlif məbləğdə rüsumların da ödənildiyi söylənilir. Elə ki, redaksiyamıza daxil olan belə bir məlumatlar əsasında Şahlar Qurbanovla əlaqə saxladıq və bu şəxsə sual etdik ki, siz hansısa ali tibbi təhsilə maliksinizmi, yaxud da aidiyyatı üzrə rəsmi dövlət qurumundan (Səhiyyə nazirliyindən lisenziya) lazımi sənəd əldə etmisinizmi ki, bu gün belə bir fəaliyyət növü ilə məşğul olursunuz? Şahlar Qurbanov cavabında bildirdi ki, “Xeyr, mən vergi ödəyicisiyəm, hər ay dövlətə vergi ödəyirəm”. O halda əməkdaşımız ona əlavə bir sual da verir ki, ödədiyiniz verginin təyinatı necə həyata keçirilir? O, bu suala cavabında isə qeyd edir ki, “Mən fiziki şəxsəm və ona görə də vergi ödəyirəm. Qaldı ki, mənə Allah-Təala tərəfindən vergi verilib, ona görə də bu kimi işlərlə məşğul oluram” cavabını verir.
Bəli, biz bir media qurumu olaraq redaksiyamıza daxil olan belə bir məlumatlar əsasında qarşı tərəfdən məsələlərə münasibət bildirməsini öyrənməyə çalışsaq da, sonda biz buna tam şəkildə nail ola bilmədik. Çünki, Şahlar Qurbanovun əməkdaşımıza verdiyi dolaşıq cavablar və bu şəxsin müəyyən mətləblərdən yayınmağa çalışması və s. söz yox ki, bizim bu yöndə lazımi məlumatları əldə etmək hüququmuzu xeyli əngəlləmiş oldu. Daha sonda isə bu şəxs “Mən fəaliyyətimi dayandıracağam. Əgər müştərilərim sual etsələr ki, fəaliyyətini niyə dayandırmısan? Cavabımda bildirəcəyəm ki, jurnalist mənə fəaliyyətimi dayandırmağa məcbur etdi. Odur ki, sizin nömrənizi müştərilərimə verəcəyəm ki, onlar sizinlə əlaqə saxlasınlar. Yəni, sizə sual etsinlər ki, Şahlar Qurbanovun fəaliyyətini niyə dayandırmısınız?”. Faktdır ki, bu cür cavabları, bir növ gerizəkalılıq kimi də qəbul etmək olar. Çünki, dəfələrlə Şahlar Qurbanova bildirdik ki, biz rəsmi dövlət qurumu deyilik, media nümayəndəsiyik. Təəssüflər olsun ki, bu şəxs bizi başa düşmək əvəzinə, yenə də öz gerizəkalılığında qaldı. Bundan əlavə onu də dəqiqləşdirə bilmişik ki, Şahlar Qurbanov yalnız fiziki şəxs olaraq qeydiyyatdan keçib və ona görə də vergi ödəyir. Bu şəxsin “həkimlik” fəaliyyətinə gəldikdə isə, söz yox ki, onun bu yöndə fəaliyyəti müzakirə olunmalıdır. Çünki, ali tibbi təhsili, həmçinin aidiyyatı dövlət qurumlarından heç bir rəsmi sənədi olmayan bu şəxsin belə bir fəaliyyət növü ilə məşğul olması, gələcəkdə xoşagəlməz fəsadların baş verməsi ilə də nəticələnə bilər.
Yazıda bəhs olunan faktlarla bağlı aidiyyətı üzrə rəsmi qurumların da mövqeyini dinləyə bilərik. //GündəmXəbər//