Axtarış...

Mikayıl Cabbarovun adı `Azərlotoreya`nın himayədarı kimi hallanır... - BU NƏDİ BELƏ?

Mikayıl Cabbarovun adı `Azərlotoreya`nın himayədarı kimi hallanır... - BU NƏDİ BELƏ?

"Azərlotoreya"-VƏTƏNDAŞ toqquşması davam edir... Hələ də uduzan binəva Azərbaycan vətəndaşıdır. Bu RƏSMİ QUMAR ŞƏBƏKƏSİNİN arxasında ayrı-ayrı tamahkar məmurlar dayandığı halda çarəsiz vətəndaşın olan-qalan qəpik-quruşu da əlindən çıxmaqdadır. Maləsəf, bütün bunlar Azərbaycan gerçəkliyidir və yaşanmaqdadır...

DİA.AZ xatırladır ki, “Milyonların həyatını “pozub”, milyonlar qazanan “Azerlotereya”” sərlövhəli yazıda bu sahədə mövcud olan neqativlərdən yazmışdıq. Qeyd etmişdik ki, Azərbaycanda qüvvədə olan qanunun tələblərinə uyğun olaraq lotoreya keçirən təşkilatçı satış fondunun 80 faizini uduşa yönəltməli olsa da, əslində, bu rəqəm 10 faizi keçmir.

Qeyd edək ki, bu günlərdə Tovuzun Cırdərə kəndində baş verən bir olay da dediklərimizi təsdiq edir. Əldə etdiyimiz məlumata görə, kəndin imanlı sakinlərindən biri “Azerlotereya”nın bilet satış məntəqələrindən birinə yaxınlaşaraq, hələ açılmamış bütöv bir bağlama (“paçka”) bileti satın alıb. Bundan sonra elə həmin ərazidəcə biletləri bir-bir pozmağa başlayıb. 10 min manat verib aldığı biletlər yekunda cəmi min manatlıq uduş qazandırıb. Vətəndaş bu fakta etiraz etdikdə, bilet satıcıları ilə arasında qalmaqal yaşanıb və nəticədə işə polis qarışmalı olub...

Bu haqda məlumat verən mənbənin sözlərinə görə, lotoreya satışı zamanı uduşlu biletlər regionlar üzrə bərabər paylanılır. Yəni uduş fondu hər bir bağlamadakı biletlərə əsasən müyyən olunur və qanunla hər “paçka”da olan biletlər 80 faiz uduş verməlidir. Odur ki, “Azerlotereya”nın bu fırıldağının üstünü açan vətəndaş haqlı olara öz etirazını bildirdikdə, satıcılarla arasında münaqişə yaranıb.

Onu da qeyd edək ki, ümumiyyətlə, satılan biletlər üzrə uduş fondunun nə qədər olması barədə heç bir maliyyə hesabatı verilmir. Hansı ki, əksər ölkələrdə satılmış biletlər üzrə keçirilən lotoreya oyunlarının tirajı haqqında istehlakçılara şəffaf bilgilər verilir. Çox maraqlıdır ki, belə bilgilər Azərbaycanda nəinki “Azərlotoreya” tərəfindən verilir, ümumiyyətlə, heç bir dövlət qurumundan bu barədə bilgi almaq mümkün deyil. Bu da ilk növbədə uduş fondları ilə bağlı ciddi şübhələrin yayılmasına səbəb olub.

Yeri gəlmişkən, “Azerlotereya” Açıq Səhmdar Cəmiyyətinin (ASC) rəhbərliyində baş verən dəyişiklilərdən sonra, müəyyən şəxslər bu sahəni tamamilə öz monopoliyalarına almağa çalışırlar. Bu haqda məlumat verən mənbənin sözlərinə görə, hazırda ölkə üzrə lotoreya biletlərinin satışında əsas söz sahiblərindən biri “Caspian Ticket”in rəhbəri Cahangir Fərəcullayevdir. İddia olunur ki, İqtisadiyyat naziri Mikayıl Cabbarovun yaxın dostu və onun kadrı kimi tanınan C.Fərəcullayev qeyri-rəsmi olaraq “Azerlotereya”ya nəzarət etməyə və bu sahəni tamamilə öz inhisarına almağa çalışır. O, ilk növbədə bütün keçmiş işçiləri, hətta sıradan satıcıları belə, sözügedən biznes şəbəkəsindən uzaqlaşdırmaq üçün bütün yollara əl atır. Cahangir Fərəcullayev öz niyyətinə çatmaq üçün hətta bir müddət zərərlə işləməyi də gözə alıb.

Mötəbər qaynaqlardan əldə etdiyimiz məlumata əsəsən, C.Fərəcullayevin göstərişi ilə bölgələrdə lotoreya biletləri xüsusi şəxslər tərəfindən topdansatış qiymətindən də aşağı satılır. Məsələn, Gəncədə topdansatış qiyməti 95 qəpik olan biletlərin maşınlarla 90 qəpikdən satıldığı haqda məlumatlar var. Beləliklə də, Cahangir Fərəcullayev köhnə satıcıları tamamilə sıradan çıxarmağa və öz istəyinə çatmağa çalışır.

DİA.AZ bildirir ki, bu işdə Mikayıl Cabbarovun adının hallanması isə bir ayrıca mövzudur. Hər halda, hazırki status və vəzifələri ilə az qala ölkənin BAŞ NAZİRİ obrazında gözlərimiz önündə cövlan edən hörmətli Mikayıl müəllimin millətə qarşı olduğu şübhə doğurmayan QUMAR BİZNESİNİ himayə edirmiş kimi görünməsi və yaxud da göstərilməsi, onun adından istifadə olunması gərəkən qurumları düşündürməli olan bir faktdır. Bizim araşdırmalarımız isə davam edir...

Mövzunu davam etdirəcəyik. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz