Azərbaycanda “Azərlotoreya” rəsmi formada fırıldaqla məşğul olaraq insanların cibinə girir və bu sürətlə yayılmaqdadır. Bu bəla xalqı talamaqla məşğul olanlara havayı qazanc verir. “Misli”, “Topaz”,“Poz, qazan” adlı fırıldaq bu gün ölkəni tam işğal etməkdədir.
Tribunainfo.az xəbər verir ki, uzun illərdir qumar oyunları ölkədə tam qadağan edilib. Buna baxmayaraq, “Poz, qazan” qumarını qızışdıranlar heç bu qadağaya belə əhəmiyyət vermirlər. Ölkədə qumar kütləvi xarakter almaqdadır. Respublikanın paytaxt və bölgələrini cənginə alan bu lotereya oyunu qısa zamanda əhalini qumarbaza, ölkəni qumarxanaya çevirib.
Metro stansiyalarının qarşısında, məktəblərin yaxınlığında, insanların sıx toplaşdığı hər yerdə, dayanacaqlarda mərc oyunları təşkil edənlərə rast gəlmək mümkündür. Kasıb təbəqənin cibinə, narazı kütlənin isə gözünə girən bu təhlükəni məmurlar hələ ki, görmür və ya görmək istəmir.
Mövzu ilə bağlı Tribunainfo.az-a danışan AĞ partiya sədri Tural Abbaslı bildirib ki, Azərbaycanda bütün, hər növ mərc oyunları, lotereyalar, ani uduşlu oyunlar ləğv edilməlidir, fəaliyyətləri qadağan olunmalıdır:
“Bu cür vərdişlər insanları bir başa harama, pis vərdişlərə sövq edən bir fəaliyyətdir. Bu gün azərbaycanda işsizlik pik həddədir, kasıbçılıq artıb. Belə məqamda insanlar son ümid yeri kimi asan yolla, az pul verib çox pul qazanmaq yollarına baş vururlar. Belə məqamda da insanların ilk ağlına gələn hər addım başı qarşımıza çıxan mərc oyunlarıdır. Elə insan var cibindəki son pulu da o mərc oyunlarına verir.
Bu oyunlar bizim milli-mənəvi dəyərlərimizə, mentalitetimizə, əxlaqımıza da ziddir. Azərbaycan əhalisinin 95 faizi müsəlmandır. İslam dinində də mərc oyunları, qumar haram sayılır. Bu oyunlar da birbaşa qumar sayılır.
Həmçinin bu işin digər tərəfi də kasıb əhalinin cibini talamaqdır. Hər addım başı əhali buna təşviq edilir, buna gözyumulur. Bu oyunlar gizli formada aparılmır ki. Hər yerdə var. Məktəblərin qabağında da var, dayanacqlarda da. İnsanların sıx olduğu hər yerdə. Sosial şəbəkələrdə dayanmadan reklam edilir. Biz dəfələrlə bu məsələni qaldırmışıq ki, bu mərc, ani uduşlar ləğv edilməli, tamamilə qadağan olunmalıdır. Kazinolara, qumara rəsmi şəkildə necə qadağa varsa, bu cür mərc olunlarına da qadağa tətbiq edilməlidir. Gələcəkdə Milli Məclisdə təmsil olunsaq, birinci növbədə bu məsələni qaldıracağıq”.
Tribunainfo.az