Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin oktyabrın 4-də Lənkəran Şəhər İcra hakimiyyətində keçirdiyi əməliyyat bu rayonun icra başçısı Taleh Qaraşovu çətin vəziyyətdə qoyub.
Yenisabah.az xatırladır ki, vətəndaş müraciətləri əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memar Elgün Abdullayev xidməti vəzifəsinin icrası ilə bağlı vətəndaşlardan rüşvət alarkən cinayət başında yaxalanıb.
Aldığımız məlumata görə, Baş Prokurorluğun Lənkəranda keçirdiyi əməliyyat yalnız bu rayonda deyil, bütövlükdə cənub bölgəsində böyük ajiotaj doğurub. İcra başçısı kimi kariyerasına 1996-cı ildə Kürdəmir rayonunda başlayan, daha sonra Cəlilabad, Neftçala, və Astara rayonlarına rəhbərlik edən Taleh Qaraşov ölkənin ən stajlı icra başçılarından sayılır. Onun icra başçısı kimi fəaliyyət göstərdiyi 26 ilin son 10 ili Lənkəranla bağlıdır.
Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Qaraşov cənub bölgəsinin qeyri-rəsmi kuratoru sayılır. Oktyabrın 4-ə kimi cənublar onu “toxunulmaz” icra başçısı hesab edirdilər.
Lənkərandakı mənbələrdən aldığımız məlumata görə, ötən həftə bu rayonda keçirilən əməliyyat T. Qaraşovun kariyerası üçün ciddi problem yaradıb. Mənbə deyib ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Lənkəran Şəhər İcra Hakimiyyətində əməliyyat keçirdiyi gün T.Qaraşov təcili Bakıya çağırılıb.
“Yen Sabah” Elgün Abdullayevin həbsi ilə bağlı maraqlı məlumat əldə edib. Xəbərə görə, Taleh Qaraşov əməkdaşının məhkəməyə çıxarılmadan azad edilməsinə çalışıb. O, bütün imkanlarını səfərbər etsə də, şöbə müdirinin azad edilməsinə nail ola bilməyib. T.Qaraşovun səylərinə baxmayaraq, Baş Prokurorluq 2 gün sonra - oktyabrın 6-da Lənkəran Şəhər İcra Hakimiyyətində keçirilən əməliyyatla bağlı rəsmi məlumat yayıb.
E. Abdullayevin qəfil həbsinin T.Qaraşov üçün ciddi problemlər yaratdığı bildirilir. Sabiq şöbə müdirinin istintaqa verdiyi ifadələrin yeni həbslər üçün zəmin yaradacağı güman edilir. //Yenisabah.az//