Axtarış...

Murad Musayev etiraf etdi: Ona rəsmi təklif gəlib, amma…


“Sabah”ın baş məşqçisi Murad Musayev Misli Premyer Liqasının 1-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri ev oyununu şərh edib.

O, 5:0 hesabıyla qalib gəldikləri matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu gün iki komandanın ifasında parlaq oyun gördük. “Qəbələ” ilə oyunlarımız hər zaman maraqlı alınır, açıq futbol gedir. Hesaba baxmayaraq, oyun çətin keçdi. Avrokubok matçından sonra həm bizim, həm də “Qəbələ”nin bərpa olmaq üçün cəmi iki gün vaxtı var idi. Yaxşı intizam, yaxşı sürət görə bildik. Şadam ki, qalib gəldik.

Bizim kiçik üstünlüyümüz o idi ki, avrokubok görüşünü evdə oynamışdıq. “Qəbələ” isə Kiprdə oynayırdı və geri qayıtmalıydılar, yatmayacaqdılar. Bütün bunlar çətindir. Biz bir az gümrah idik. Ancaq ümumi olaraq hansısa sözlər demək çətindir, çünki cəmi bir tur geridə qaldı. Hər şey mümkündür. “Qəbələ”yə qarşı oynamaq çətindir. Onlar yaxşı hücum edən kollektivdir. Layiqli şəkildə də ölkə kubokunu qazanmışdılar.

Azarkeşlərimizə bizə daim dəstək olduqları üçün təşəkkür edirəm. Söz verirəmsə, ona əməl etməliyəm. Necə deyə bilərəm ki, biz sabah udacağıq, çempion olacağıq? Alınmasa, birinci siz deyəcəksiz ki, söz vermişdiniz, bəs necə oldu? Azərbaycan Premyer Liqası daha da güclü oldu. Bura maraqlı futbolçular gəlir. Məşq edəcəyik, işləyəcəyik, necə olacağını görəcəyik. Hələ ki, heç bir söz verə bilmərəm”.

Rusiyalı mütəxəssis komandadan ayrılması gözlənilən Coy Lens Mikelslə bağlı məsələyə də toxunub:

“Kluba rəsmi təklif gəlib. Onu transfer etmək istəyən klub var. Amma biz onu satmaq, onunla yollarımızı ayırmaq istəmirik.Çünki bizim vacib, lider oyunçularımızdan biridir. Amma müqaviləsində bənd var ki, özü müəyyən məbləğ ödəyərək sərbəst qala bilər. Hələ ki, heç nə dəqiq deyil. Lens özü də, yekun qərarını verməyib. Hadisələr necə inkişaf edəcək, bilmirəm”.



Şərh yaz