Qəbələnin mərkəzi Heydər Əliyev küçəsi axşamlar zülmətə qərq olur. Bizə bu haqda yerli sakinlər xəbər verirlər. Tribunainfo.az-a məlumat verən Qəbələ sakinləri narazıdırlar. Çünki həmin yolda axşamlar işıq olmur. Ona görə yox ki, axşamdır, qaranlıq düşür, ona görə ki, işıq dirəkləri yola nur saçmaq istəmir. Bu yoldan keçənlər şahiddirlər ki, lampalar sönüb, yolun uzun bir hissəsinə qaranlıq çöküb. Nəticədə göz gözü görmür, yolda avtomobil qəzasından tutmuş piyada vurulmasına, hansısa heyvanın qəfil yola çıxıb tələf edilməsinə qədər risklər var. Amma Qəbələ kimi turist axını olan bölgənin mərkəzi küçəsi niyə işıqsız qalmalıdır ki?! Ya yerli icra hakimiyyəti öz aləmində qənaət rejiminə keçib, ya da işıq təchizatı ilə məşğul olan idarə…Hər halda Qəbələnin icra başçısı axşamlar bir bu küçəyə çıxıb gəzsin, rəhbəri olduğu bölgənin mərkəzi ərazisində vəziyyətlə tanış olsun, görsün ki, Heydər Əliyevin adını küçə niyə zülmət içindədir?