Axtarış...

Göyçay sakinləri NƏDƏN NARAZILIQ EDİR? - TƏHLÜKƏLİDİR...

Göyçay sakinləri NƏDƏN NARAZILIQ EDİR? - TƏHLÜKƏLİDİR...

Yeni yol və elektrik xətləri çəkilib, işıq dirəkləri quraşdırılıb, amma gecə saatlarında yollar qaranlığa qərq olur. Bundan zərər görənlər isə kənd sakinləri və yoldan istifadə edən sürücülərdir.
Söhbət Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay rayonu ərazisindən keçən hissəsindən gedir. Yolun hər iki tərəfi yaşayış massivi olduğundan sutkanın qaranlıq vaxtı buranın işıqlandırılması vacib hesab edilir. Məhz bu səbəbdən avtomobil yolunun kənd ərazisindən başlayan nöqtəsindən çıxışına qədər, eləcə də dayanacaqlarda, piyada keçidlərində elektrik xətləri çəkilib, işıq dirəkləri quraşdırılsa da, küçələrin aydın gününü görən yoxdur.
Göyçay sakini Səbuhi Quliyev deyir ki, sözügedən dirəklər səkkiz ildən artıqdır quraşdırılıb, işıqları isə yandırılmır:

“İşıq dirəkləri magistral yolun kənarında yerləşir. Yolun sağ və sol tərəfi yaşayış sahələridir. Dəfələrlə işığın yanmaması səbəbindən burada oğurluq hadisələri, eləcə də avtoqəzalar baş verib. Amma buna baxmayaraq, yenə də işıqlar yandırılmır”.
Göyçay sakini, sürücü Cümşüd Məhiyev də küçə işıqlarının yandırılmamasından əziyyət çəkən vətəndaşlardan biridir.

“Dirəklər “əkilən” gündən bu günə qədər bir dəfə də olsun işığının yandığını görməmişik. Əgər işıq yandırılmayacaqdısa, nə üçün dövlət bu qədər xərc çəkib, vəsait ayırıb bu işıqlandırma sistemlərinə?” – sürücü sual edir.
Yerli sakinlərin yolu axşam saatlarında da adladığını, avtomobil yollarının kənd ərazilərindən keçən hissələrində mal-qaranın hərəkətini də nəzərə alsaq, sürücülərin bu haldan narahat olması başadüşüləndir.

Bakıdan Göyçay istiqamətində hərəkətdə olan sürücü Natiq Nəsirov deyir ki, Şamaxıdan Ağsuya qədər yollar gecə işıqlansa da, Ağsudan Göyçaya aparan yollar təhlükə mənbəyidir: “Çox maraqlıdır, işıq dirəkləri var, amma işıqlar yanmır. Sürücülər üçün təhlükəlidır, yolu keçən obyekt uzaq məsafədən görünmür, sərt döngələr olur, duman olur, kəndlərdən keçirsən, adam çıxa bilər, mal-heyvan ola bilər...”

Sakinləri narahat edən məsələ ilə bağlı AAYDA-nin sözçüsü Anar Nəcəfli ilə əlaqə saxladıq. O, mövcud problemdən xəbərdar olduqlarını bildirdi. İşıqlandırma məsələsinin agentliyin məsuliyyətində olmadığını bildirsə də, problemi nəzarətdə saxlayacaqlarını qeyd etdi.
Anar Nəcəflinin sözlərinə görə, çətinliyin aradan qaldırılması üçün agentlik aidiyyəti qurumlara rəsmi müraciətlər edib: “Ümidvarıq ki, problem yaxın zamanda öz həllini tapacaq”. //sputnik.az//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz