Ağstafa şəhəri sakinləri yolsuzluqdan əziyyət çəkirlər. Onlar yaşadıqları küçəyə gedən yolun tamamilə yarasız hala düşməsindən şikayətçidirlər. Bu barədə danışan 25-ci məhəllənin sakinləri bildirirlər ki, artıq 3 ildir bu vəziyyət yaşanır.
“5 ildir ki, burada yaşayırıq. Əvvəllər yolumuz bu qədər bərbad deyildi. 3 il əvvəl kanalizasiya və su xətlərinin çəkilişindən sonra tamam bərbad hala düşdü. Azacıq yağış yağan kimi maşınla küçəyə girmək mümkün olmur. Özüm taksi sürücüsüyəm. Maşınımı 3 ildir o biri küçədə, qonşunun həyətində saxlayıram. Bir dəfə yağış yağanda 1 həftə küçəyə girmək olmur”, — deyə narazı vətəndaş bildirir.
Digər sakin isə deyir ki, yol bərbad vəziyyətdə olduğundan uşaqlar məktəbə gedə bilmir, dəfələrlə yolda yıxılıb evə qayıtmağa məcbur olublar. O, yollarına ən azı çınqıl döşənməsini istədiklərini vurğulayır.
“Asfalt istəmirik, heç olmasa, daşdan, çınqıldan gətirib tökələr. Hamı kasıb adamdı burda, imkan yoxdur ki, özümüz bir əncam çəkək. Küçənin qurtaracağı Bakı-Qazax yoluna çıxır. Lakin quraqlıqda da o yoldan istifadə etmək mümkün deyil”, — şikayətçi vurğulayır.
Sakinlər məsələ ilə bağlı dəfələrlə rayon icra hakimiyyətində olduqlarını deyirlər. Onlara hər gedişlərində “tələsməyin”, “çəkiləcək” sözləri deyilsə də, problemin indiyədək həll olunmadığını bildirirlər.
İddia olunanlarla bağlı qarşı tərəfin də rəyini öyrənməyə çalışacağıq.