Axtarış...

"Mən demirəm ki, bu vəziyyəti indiki icra hakimiyyəti, indiki bələdiyyə yaradıb" - QOSQOCA YOL YOXA ÇIXIB...

"Mən demirəm ki, bu vəziyyəti indiki icra hakimiyyəti, indiki bələdiyyə yaradıb" - QOSQOCA YOL YOXA ÇIXIB...

“Şəhərin mərkəzində alternativ yol var, daha doğrusu, adı var, özü yoxdur. Neçə ildir ki, 5-6 kilometrlik bu yol “yoxa çxıb”. Hansı ki, əsas yolda qəza, qazıntı, tıxac olanda sürücülər həmin alternativ yoldan istifadə etməlidir ki, tıxac aradan qalxsın. Neçə illərdir ki, həmin yol ayrı-ayrı adamlara satılıb, icarəyə verilib. Biri mağaza, digəri bazar, başqa biri iaşə obyekti açıb…”

“5-6 kilometrlik yol zəbt edilib”

Mingəçevir sakini Murad Musayev deyir, şəhərin mərkəzindəki Heydər Əliyev prospektinə alternativ yol uzun illərdir ki, əhaliyə yoldan başqa hər cür xidmət göstərir. Nəticədə əsas yolda tıxac yarananda sürücülər çarəsiz qalır:

“Söhbət Göyərçin abidəsindən Kürün körpüsünədək uzanan 5-6 kilometrlik yoldan gedir. O yolun kənarında kimin obyekti varsa, pulunu verib, obyektin yola düşən qarşısını zəbt edib. “Fəzailin bazarı” deyilən yer var, bazarı yola çıxarıb, “Azərkabel”in filialı var, yoldan götürüb, öz ərazisinə qatıb. Biri gül əkib, biri hissəsi kənd məhsulları gətirənlərə gündəlik icarəyə verilir. Bir sözlə, yoldan əsər-əlamət qalmayıb”.

Şəhər sakinin deməsinə görə, kənardan gələn avtobuslar da həmin ərazidə park edir. Nəticədə şəhəriçi hərəkət edən və əsas dairəyə daxil olub prospektə çıxmalı olan avtomobillər məcburiyyət qarşısında yol hərəkəti qaydalarını pozurlar.

“Ciblərə pullar axır”

Şəhərin başqa sakini Eldəniz Səfərov da eyni problemdən danışır. O, bu problemin yeni olmadığı vurğulayır:

“Mən demirəm ki, bu vəziyyəti indiki icra hakimiyyəti, indiki bələdiyyə yaradıb. Bu, çoxdankı məsələdir. Ancaq şəhərin rəhbərliyi dəyişdikcə, problem yerində qalır. Heç bir məmur bu biabırçılığı aradan qaldırmaqda maraqlı deyil, çünki ərazidən ciblərə pullar axır. Hamı bilir ki, bu işlərin başında kimlər dayanır. Sıradan biri çıxarıb küçəyə bir masa qoysa, yüz yerdən yaxınlaşıb sorğulayarlar, qarşısını alarlar. İcra hakimiyyətinin xəbəri olmadan belə işlər görmək mümkün deyil”.

Eldəniz Səfərovun sözlərinə görə, şəhər sakinləri alternativ yolun yükdən azad edilərək onlara qaytarılması üçün dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, nəticəsi olmayıb.

Mingəçevir Şəhər İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, ərazidə avtomobillərin və piyadaların hərəkətinə hər hansı ciddi əngəl yoxdur. Qurumun əməkdaşları ərazidəki küçə ticarətilə mübarizə aparmaq üçün şəhər polisiylə birgə vaxtaşırı reydlərdə iştirak edir:

“Əksinə, o yolda yararsız hala düşmüş asfalt hissələri təzələnir, sahibkarlara tez-tez xəbərdarlıqlar olunur ki, malları yola yaxın əraziyə yığmasınlar”, – qurumdan bildirilib. //Meydan TV//

"Mən demirəm ki, bu vəziyyəti indiki icra hakimiyyəti, indiki bələdiyyə yaradıb" - QOSQOCA YOL YOXA ÇIXIB...
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz