Axtarış...

“Xızıda toyuq-cücə üçün yol çəkilib, adamlar üçün yox” - BU NƏDİ BELƏ?

“Xızıda toyuq-cücə üçün yol çəkilib, adamlar üçün yox” - BU NƏDİ BELƏ?


“Kəndiçi yollar bərbaddır, heç deyiləsi deyil. Yağış yağanda keçilməz olur. Bir də ümumi yol var, o da kəndin içindən keçir, 1985-86-cı illərdə çəkilmiş beton yoldur, o da dağılıb. Yollarda işıqlandırma yoxdur. Suvarma suyumuz yoxdur, zibillər daşınmır, kanalizasiya sistemi yoxdur, çirkab sular xətlərlə, arxlarla küçələrə axıdılır. Bir tərəfdən də kənddə narkomaniya baş alıb gedir”.

Xızının Sitalçay kəndində yaşayan Malik Zeynalov kənddəki problemin birindən danışır, o birini unudur.

Problem o qədər çoxdur ki, bilmir hansından desin, hansından danışsın.

Malik Zeynalov söhbətə kəndiçi və ümumi yollardan başlayır. Deyir, kənddən keçən ümumi beton yol Sovet dönəmindən qalıb. Bircə dəfə də təmir görməyən yoldan o qədər ağır tonajlı maşınlar şütüyüb ki, yol dağılıb.

Əsasən də Bakı-Quba yolunun çəkilişində və təmirində bu yoldan gedib-gələn ağır tonajlı maşınlar yolu bərbad vəziyyətə salıb:

“Şebel, qum – hamısı bu yolla daşınıb, indi də daşınır. Bir yolu düzəldirlər, bu birini dağıdırlar, ancaq düzəltmirlər. Kənddəki hərbi hissəyə də ağır tonajlı maşınlar gedib-gəlir. Kəndiçi digər yollar da palçıqlıdır, yağış yağanda keçilməz olur. Yollardakı vacib problemlərdən biri də işıqlandırmanın olmamasıdır. Hava qaralanda küçə itləri adamlara hücum edir. İkinci növbə oxuyan məktəblilər dərsdən çıxanda it sürülərinin hücumuna məruz qalır”.

Malik Zeynalov deyir, bircə kəndin girəcəyindəki Giləzi Quşçuluq Fabrikinə gedən yol normaldır:

“Kəndin girəcəyindən fabrikədək olan o yolu da məhsulların daşınması üçün fabrik rəhbərliyi çəkib. Qısaca belə deyək ki, Xızıda toyuq-cücə üçün yol çəkilib, adamlar üçün yox”.

Kənd sakini kanalizasiya sisteminin olmamasından da gileylənir: “Evlərdəki çirkab sular xətlərlə kəndin ortasındakı gölməçəyə axıdılır. O gölməçədən də kəndin kənarıyla üzü dəmiryolu istiqamətində axıb gedir, elə yollarda da quruyur. Əsasən yay aylarında küçədə nəfəs çəkmək olmur, üfunətdən beyin çatlayır. Kanalizasiya xətti çəkmirlər, heç olmasa ildə bir-iki dəfə o gölməçəni təmizləsinlər ki, insanlar nəfəs ala bilsin”.

Kənddə ödəniş aparatı da yoxdur. Sakinlər ödənişlər kəyata keçirmək üçün Sitalçaydan Xızının mərkəzinə kilometrlərlə yol qət etməlidir:

“Təkcə seçici siyahısında təxminən 1500 kənd sakini var. Ancaq bu qədər sakinə xidmət göstərən bir ödəmə aparatı yoxdur. Gətirib mağazalardan birinə qoydular, sonra da götürüb, apardılar”.

Kənddə suvarma suyunun olmaması da həll olunması vacib problemlərdəndir:

“Suvarma suyu olmadığına görə, adamlar həyətdəki ağacları suvarmaq üçün motorla içməli suyunu çəkib ağaca verməli olurlar. Nəticədə əsasən də yayda içməyə bir ovuc su tapmırıq, su qıtlığı yaranır. Kənddəki içməli su boruları da bir neçə yerdən partlayıb. Su olmayanda iri su borularına palçıq, qurbağa yığışır. Su təzyiqlə gələndə həmin zir-zibillər, qurbağalar gəlib krantlara yığılır. Məcbur oluruq ki, suyu günlərlə duruldaq, təmizləyək, sonra içək. Əslində suvarma sistemi hazırdır, hətta kənddəki məhəllələrə də ana borudan xətlər çəkilib, bircə ana xətt Taxtakörpü-Ceyranbatan su kanalına birləşdirilməlidur, 4-5 ildir ki, bu məsələ həll edilmir. Nəticədə məhəllədaxili xətlər işlək vəziyyətdə olmadığına görə, narkomanlar kəsib, satıb. Bu iş vaxtında görülsəydi, belə də olmazdı. Məktub göndərirlər ki, düzələcək, qeyri-rəsmi isə deyirlər ki, pul yığın, verin, düzəldək”.

Sakin deyir, kənddə narkomaniya da bir başqa dərd olub.

“Xızı məhkəməsinə gəlib, bir monitorinq keçirsələr, görərlər ki, hakimlərdəki on işdən doqquzu narkotiklə əlaqəlidir. Gənc nəslin gələcəyi təhlükə altındadır”.

Xızı Rayon İcra Hakimiyyətindən bildirilib ki, qurumun Sitalçay kənd inzibati ərazi dairəsi nümayəndəliyinin 2019-cu ildə rəsmi müraciəti əsasında “Modenis” MMC tərəfindən Sitalçaydakı ticarət obyektlərindən birinə ödəniş avadanlığı quraşdırılıb. Ancaq pul ödənişlərinin tələb olunan minimum limit səviyyəsini keçmədiyi səbəbindən “Modenis” MMC tərəfindən ödəniş avadanlığı götürülüb. Həmçinin 2020-ci ildə kənd ərazisində “Milliön” avadanlığı quraşdırılıb, eyni səbəbdən götürülüb.

Yollara gəlincə, Xızıda yol infrastruktunun əsaslı qurulması mərhələli şəkildə həyata keçirilir. Sitalçay kənd avtomobil yolunun sıradan çıxmış 4 kilometrlik hissəsində əsaslı təmir işləri nəzərdə tutulub.

Qurumdan bildirilib ki, Sitalçayın içməli su şəbəkəsinin yenilənməsi üçün “Azərsu” ASC-yə təkliflər göndərilib, su xətlərinin yenilənməsi nəzərdə tutulub. Taxtakörpü-Ceyranbatan su kanalından Sitalçaya suvarma suyunun verilməsinə gəlincə, kənd kanaldan QK-2 suburaxıcı qurğusu vasitəsiylə suvarma suyu ilə təmin edilib. Əkin sahələri qrafikə uyğun şəkildə suvarılır. Sitalçayın kənddaxili suvarma şəbəkəsi mövcud olmadığından həyətyanı sahələri suvarmaq mümkün deyil. Kənddaxili suvarma kanallarının çəkilməsi və kənddaxili yolların işıqlandırılması bələdiyyənin səlahiyyətlərinə aiddir. Sakinlər buna görə bələdiyyəyə müraciət etməlidir.
Text-to-Speech

DİNLƏ






Şərh yaz