Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində, “Eurohome” tikinti materialları satış mərkəzinin qarşısında naməlum obyekt tikilir.
Ərazidə yaşayan sakinlər Demokrat.az-a bildirib ki, obyekt rayon ərazisindən keçən əsas su boru xəttinin üstündə inşa edilir.
Həmçinin tikinti ərazisinin yaxınlığından dövlət əhəmiyyətli bir neçə kabel xətti keçir.
Sakinlər tikinti zamanı əsas su boru xəttinin zədələndiyini və su sızması baş verdiyini deyib.
Bundan başqa, obyektin tikinti standartlarına cavab vermədiyi iddia edilir.
Narazı sakinlər məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tədbir görəcəyinə inanır.
Sakinlər tikilən obyektin Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin gömrük orqanlarında çalışan oğlu Raul Hacıyevə məxsus olduğunu iddia edirlər.
Məsələ ilə bağlı Raul Hacıyevlə əlaqə saxladıq. O, Demokrat.az-a açıqlamasında həmin ərazidə tikinti getdiyini təsdiqlədi:
“Araşdırırlarsa, normal araşdırsınlar, görsünlər obyekt kimin adınadır, hansı tikinti işləri gedir, nə kimi qanunsuzluq var. Bəli, həmin ərazidən su xətti keçir. Lakin biz həmin su xəttini dağıtmamışıq. Əsassız və qərəzli şikayətdir. Torpaqda qurunt suları var. Səthə yaxın olduğu üçün torpağı müəyyən qədər yuyub aparıb. Tikinti işləri qurtardıqdan sonra ora doldurulacaq, betonlanacaq və yeri bərkiyəcək. Bununla bağlı bütün məsələr də həll olunacaq. “Azərsu” ilə də əlaqə saxlamışıq, onların da məlumatları var”.
Demokrat.az