Axtarış...

FHN tikintiyə qadağa qoysa da, gecə ilə iş gedir - Fotolar

FHN tikintiyə qadağa qoysa da, gecə ilə iş gedir - Fotolar


“Yaşadığımız 19 mərtəbəli yaşayış kompleksindən cəmi 3-5 metr aralıqda, Azərbaycanın bir sıra qanunlarını və normativ aktlarını, o cümlədən tikinti, təhlükəsizlik və şəhərsalma qaydalarını kəskin şəkildə pozan, sənədi olmayan 9 mərtəbəli bina inşa edilir”.

Bu şikayətlə “Qafqazinfo”ya Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 998-cı məhəllə ünvanında yerləşən, 19 mərtəbəli “Altes Park” yaşayış kompleksinin sakinləri müraciət edib.

Sakinlər iddia edirlər ki, tikili binanın əsas fasadının, yəni insanların yaşadığı mənzillərin balkon və pəncərələrinə yaxın məsafədə inşa edilir: “Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli qərarının 9-cu bəndinə əsasən binalararası ara məsafə, bina hündürlüyünün 0,6 hissəsindən az olmamalıdır, yəni 19 mərtəbəli binanın hündürlüyü 70 metr təşkil edirsə, onun fasadına ən yaxın bina ən azı 42 metr aralıqda tikilməlidir. Amma binanı tikənlər bu qərara məhəl qoymurlar”.

Vətəndaşlar bildirirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət də ediblər. Lakin problem həll olunmadan qalır: ““Altes Park” binasının sakinləri olaraq hamımız yığışdıq və kompleksin administrasiyası ilə birlikdə dəfələrlə Fövqalada Hallar Nazirliyi, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi, Nəsimi Rayonu İcra Hakimiyyətinin başçısı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinə müraciət edib həmin qanunu pozan və təhlükə yaradan obyektin qanun çərçivəsində təcili şəkildə aradan qaldırılmasına dair müraciətlər etdik”.
FHN tikintiyə qadağa qoysa da, gecə ilə iş gedir - Fotolar

Həmin müraciətə yalnız Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma İdarəsi 16 may 2022-cı il tarixində yazılı şəkildə rəsmi cavab verib: “Cavabda bildirilib ki, Bakı Şəhər Memarlıq və Şəhərsalma İdarəsi yuxarıda adı çəkilən qeyri-qanuni tikinti barəsində məlumatı var və ona dair Azərbaycan Prezidentinin 06.06.2012-ci il tarixli 648 nömrəli “Yerli İcra Hakimiyyətləri Haqqında Əsasnamə”nin və Azərbaycan Prezidentinin 24.11.2014-cü il tarixli 375 nömrəli Fermanı ilə təsdiq edilmiş “Dövlət Şəhərsalma Nəzarətinin Həyata Keçirilməsi Qaydaları”nın tələblərinə uyğun zəruri tədbirlərin görünməsini Nəsimi Rayonu İcra Hakimiyyətinin Başçısı və AR Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Rəisinə ikinci dəfədir ki, tapşırılır. Bütün bunlara baxmayaraq, qanunsuz tikinti hələ də yerində toxunulmaz olaraq qalır, tikinti işləri isə istirahət və bazar günləri gecə saatlarında səs-küylü şəkildə yenə də aparılır”.

Sakinlər onu da iddia edirlər ki, qanunsuz tikintini aparan nümayəndələr “Altes Park” binasının administrasiyasına bildiriblər ki, həmin tikinti keçmiş deputat Əsabil Qasımova məxsusdur və müvafiq icazə Nəsimi Rayonu İcra Hakimiyyəti tərəfindən verilib. Lakin mövzu ilə bağlı İcra Hakimiyyəti sorğumuzu hələ də cavablandırmayıb.

Məsələ ilə bağlı Fövqalada Hallar Nazirliyinə sorğu ünvanladıq. Qurum “Qafqazinfo”nun sorğusunu belə cavablandırıb: “Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi 13k ünvanında fiziki şəxsə məxsus özəl torpaq sahəsində Məlumatlandırma İcraatı çərçivəsində 2 mərtəbəli fərdi yaşayış evinin tikintisi ilə bağlı Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən agentliyə məlumat məktubu ünvanlanıb. Məlumatlandırma çərçivəsidə aparılan tikinti işləri təqdim edilmiş memarlıq planlaşdırma cizgilərindən kənara çıxdığına görə, agentlik tərəfindən müvafiq göstəriş verilib. Bununla bağlı aidiyyəti qurumlara da məlumat verilib. Həmin verilən göstərişə fiziki şəxs tərəfindən 4 ay ərzində əməl edilmədiyi üçün Tikinti Məcəlləsinə əsasən, agentlik tərəfindən tikinti işlərinin dayandırılması ilə bağlı qərar verilib”.

“Qafqazinfo”
FHN tikintiyə qadağa qoysa da, gecə ilə iş gedir - Fotolar
FHN tikintiyə qadağa qoysa da, gecə ilə iş gedir - Fotolar
FHN tikintiyə qadağa qoysa da, gecə ilə iş gedir - Fotolar
FHN tikintiyə qadağa qoysa da, gecə ilə iş gedir - Fotolar
FHN tikintiyə qadağa qoysa da, gecə ilə iş gedir - Fotolar
FHN tikintiyə qadağa qoysa da, gecə ilə iş gedir - Fotolar





Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz