Sumqayıt Dövlət Univeriseti (SDU) 2022-ci ildə “Yeni Memar” MMC ilə 4 satınalma müqaviləsi imzalayıb. Reportyor.info xəbər verir ki, müqavilələrin toplam maliyyə dəyəri 1 958 840.22 AZN təşkil edir.
Müqavilələrdə 1 nömrəli yataqxana binasında yenidənqurma, təmir, bərpa və SDU ərazisində abadlıq və yenidənqurma işlərinin görülməsi nəzərdə tutulur.
Maraqlıdır ki, SDU bir ildə istər yataqxanın təmiri, istərsə də universitet ərazisində abadlıq işlərinin aparılması ilə bağlı “Yeni Memar” MMC ilə iki dəfə satınalma müqaviləsi imzalayıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Yeni Memar” MMC 30 iyun 1997-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 60 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi ev 85, mənzil 258-də yerləşir. MMC-nin qanuni təmsilçisi Xankişiyev Bəybala Ağabala oğludur. O, həm də şirkətin direktorudur.
“Yeni Memar” MMC-nin veb-səhifəsindəki məlumatlardan aydın olur ki, şirkət yalnız tikinti, təmir, abadlıq və yenidurma işləri ilə məşğul olmur. “Yeni Memar” həm də “tikinti və mühəndis məsləhətləri, layihələndirmə sahələrində də tam xidmət göstərir”.
Maraqlıdır ki, şirkət 1997-ci ildən fəaliyyət göstərsə də, qanuni təmsilçisi Bəybala Xankişiyev haqqında açıq mənbələrdə məlumatlar məhduddur.
Onun adına yalnız Əsgərov Ulduz Talıb oğlu adlı vətəndaşın müraciətində rast gəlnir.
Mediada tirajlanan həmin müraciətdə iddia edilir ki, Bəybala Xankişiyev bir qrup vətəndaşı işə götürmə adı ilə aldadıb. Ulduz Əsgərov da həmin vətəndaşlardan biridir. Aydın olur ki, Bəybala Xankişiyev ona iş təklif edərək yüksək məbləğli maaş vəd edib. Ulduz Əsgərov da bu səbəbdən uzun illər işlədiyi “Azərişıq” ASC-dən çıxıb. Lakin sonradan bəlli olub Bəybala Xankişiyev onu aldadıb. Bu iddianın nə dərəcədə əsaslı olduğunu deyə bilmərik. Amma Ulduz Əsgərovun dediklərini qarşı tərəfin təkzib etdiyinə dair heç bir məlumat yoxdur.
Araşdırmalarımız zamanı o da bəlli olub ki, SDU 2020-ci ildə də 1 saylı yataqxanın əsaslı təmiri ilə bağlı tender elan edib. Həmin tenderin də qalibi də “Yeni Memar” MMC olub. Universitetlə şirkət arasında imzalanan müqavilənin maliyyə dəyəri isə 1 milyon 880 min manat təşkil edib.
Reportyor.info