ABŞ Dövlət Departamenti Ermənistanın Rusiyanın sanksiyalardan yan keçməsində mümkün iştirakına münasibət bildirib.
Dövlət Departamentindən APA-ya bildirilib ki, Rusiyanın 2014-cü ildə Ukraynaya əsassız və qeyri-qanuni təcavüzündən sonra ABŞ, müttəfiqləri və tərəfdaşları ilə (Avropa İttifaqı daxil olmaqla) Rusiyaya qarşı əhəmiyyətli sanksiyalar tətbiq edib.
Bunların arasında 2017-ci ildə qanuna çevrilmiş Amerikanın Düşmənlərinə qarşı Sanksiyalar Yoluyla Mübarizə Aktı (CAATSA) nəticəsində yaranan sanksiyalar da var: “Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya qarşı növbəti qəddar işğalçı müharibəyə başlamasından sonra ABŞ müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə Rusiyaya qarşı İkinci Dünya Müharibəsindən sonrakı dövrdə görünməmiş bir sırada iqtisadi təzyiq tədbirləri həyata keçirib ki, bu sanksiyalar, ixrac nəzarəti, tariflər və digər tədbirlər Rusiyanın effektiv müasir müharibə aparmaq imkanlarını məhdudlaşdırır və Rusiyanın maliyyə resurslarını azaldır.
Cənubi Qafqazdakı ölkələr də daxil olmaqla bir çox hökumətlər beynəlxalq sanksiyalara və ixrac nəzarətinə riayət etməyi öhdələrinə götürüblər və biz Rusiyaya qarşı məhdudiyyətlərə əməl olunmasını təmin etmək üçün həmin hökumətlər, özəl şirkətlər və maliyyə institutları ilə işləməyə davam edəcəyik”, - məlumatda qeyd edilib.
Qeyd edək ki, bir neçə gün öncə ABŞ-nin “The New York Times” qəzeti Rusiyanın silah istehsalı üçün lazım olan çip və digər elektron komponentləri digər ölkələr vasitəsilə almaqla Qərbin sanksiyalarından yayındığına dair məlumat dərc edib.
Nəşrin xəbərinə görə, 2023-cü ilin martında ABŞ və Avropa İttifaqının (Aİ) məmurları Rusiyaya ixrac olunması qadağan olunan milyonlarla dollar dəyərində texnologiyaların Rusiyaya tədarük edilməsi barədə məlumat mübadiləsi həyata keçirib.
Məlumata görə, sözügedən ölkələrin texnologiyaları Rusiyaya əsas olaraq Ermənistan və Qazaxıstan vasitəsilə satılıb.
Bununla yanaşı, Rusiya silahları barədə araşdırma aparan “Conflict Armament Research” qrupunun sənədlərinin birində deyilir ki, Ermənistan 2022-ci ildə 2021-ci illə müqayisədə ABŞ-dən 515%, Aİ-dən isə 212% daha çox çip və prosessor idxal edib. Ermənistanın daha sonradan bu məhsulların 97%-ni Rusiyaya ixrac etdiyi bildirilir.