Yalançı "blokada" şəraitinə rəğmən Azərbaycan Respublikasının Xocalı rayonunun Rusiyanın “sülhməramlı” adlanan hərbi kontingentinin məsuliyyət zonasında qalmış və "Ovsepavan" adlandırılan Dərələyəz kəndində separatçı-terrorçu rejim tərəfindən “44 günlük müharibə nəticəsində köçkün düşmüş erməni ailələri üçün” qanunsuz olaraq yeni qəsəbənin tikintisi davam etdirilir.
Millitv.az moderator.az-a istinadla xəbər verir ki, Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə, tikintisinə 2021-ci ilin fevralından başlanmış qəsəbə 59 fərdi evdən ibarətdir. Onlardan 32-nin tikintisi "Hayastan" ümumerməni fondu, 27-si isə separatçı rejimin büdcəsi hesabına maliyyələşdirilir
"Mənzillər 3 və 4 otaqdan ibarətdir. Hər birinin 1200 kvadratmetr torpaq sahəsi olacaq. Qəsəbədə müvafiq infrastruktur yaradılacaq, uşaq meydançası tikiləcək, ərazi abadlaşdırılacaq”, - separatçı rejimin qondarma "şəhərsalma naziri"nin müavini Aram Qasparyan bildirib.
Onun sözlərinə görə, rayonun tikintisini 2023-cü ilin əvvəlində mərhələli şəkildə başa çatdırmaq planlaşdırılırdı, lakin guya blokada səbəbindən tikinti işləri səngiyib və indi onlar çox kiçik miqyasda həyata keçirilir...