Axtarış...

"AZAL-ın qiymətlərinə görə tətildə Azərbaycana gələ bilmədilər" - ETİRAZ



“Quru sərhədlərin bağlı olması və AZAL-ın dodaq uçuqladan qiymətləri o uşaqlara tətildə öz doğma ölkələrinə gəlməyə əngəl oldu”.

Millitv.az yeniavaz.com-a istinadla xəbər verir ki, bu sözləri Türkiyədə təhsil alan azərbaycanlı tələbə İbrahim İbrahimov Kahramanmaraş mərkəzli zəlzələlər nəticəsində dünyasını dəyişən 4 azərbaycanlı tələbə ilə bağlı yazıb.

O bildirib ki, normalda qış tətillərində azərbaycanlı tələbələrin hamısı Vətənə qayıdır:

“4 nəfər. 4 gələcək. 4 ümid.

Universitetdə artıq tətil idi. 3 həftə əvvəl mən və 2 dostumuz Bakıya qayıtmışdıq. Normalda da qış tətillərində hamımız Azərbaycana dönürdük. Amma quru sərhədlərin bağlı olması və AZAL-ın (“Azərbaycan Hava Yolları” QSC) dodaq uçuqladan qiymətləri, o uşaqlara tətildə öz doğma ölkələrinə gəlməyə əngəl oldu. O uşaqlar hamısı bir ailənin ümidi idi. Amma o ümidlər artıq yoxdur. Artıq bizim də ümidimiz yoxdur. Qızını görmək üçün Gürcüstan sərhədindən gizlin keçmək istəyən ananın da, tanımadığımız yüzlərlə insanların da.

4 ildə gözəl xatirələrimiz olmuşdu. Amma həyat bizə bunları yaşatdı. Nur içində yatın, yoldaşlar…”

Xatırladaq ki, Malatya şəhərindəki İnönü Universitetində təhsil alan azərbaycanlı tələbələrin meyitləri uzunmüddətli axtarışdan sonra fevralın 14-ü tarixində tapılıb. Onların - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin cənazələri artıq Bakıya gətirilib.

Qeyd edək ki, fevralın 6-da episentri Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık və Elbistan rayonları olan 7,7 və 7,6 maqnitudalı iki zəlzələ olub. Təbii fəlakət nəticəsində 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb, hazırda 13 208 yaralının müalicəsi xəstəxanalarda davam etdirir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz