“AZAL bildirmək istəyir ki, quru sərhədləri hələ açılmasın və dəyən zərərin kompensasiyası üçün turistlər AZAL-dan istifadəyə üstünlük versinlər”.
Millitv.az xəbər verir ki, bu sözləri ölkədə koronavirusla bağlı yoluxma hallarının minimum həddə enməsinə və epidemoloji vəziyyətin yoxluğuna baxmayaraq, quru sərhədlərinin hələ də açılmamasına münasibət bildirən nəqliyyat eksperti İlqar Hüseynli Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, quru sərhədlərinin açılmasını daha çox orta təbəqə gözləyir:
“Azərbaycandan kifayət qədər insan şəxsi avtomobili ilə Rusiyanın müxtəlif turistik şəhərlərinə, Türkiyəyə, o cümlədən qonşu Gürcüstana səyahət edirdilər. Həmin ölkələrdən də Azərbaycana gələnlərin sayı çox idi. Çünki hava yollarından fərqli olaraq quru yollarla səfərin qiyməti ucuzdur. Ölkədən gedən və ölkəyə gələn turistlərin daha çox ailə olduğunu nəzərə alsaq, ailə üzvünün sayına uyğun quru yoldan istifadə etmək daha sərfəlidir. Vətəndaşlar qənaət etdikləri vəsaiti daha çox istirahətlərinə xərcləyirdilər. İki il davam edən pandemiya dövründən sonra quru sərhədlərinin açılması olduqca vacibdir. Bu addım ölkəyə gələn və ölkədən gedən turistlərin sayına, həmçinin turizmin inkişafına müsbət təsir edəcək.
Bu gün yayılan məlumata görə, AZAL 76 milyonluq ziyanla işləyib. Baxmayaraq ki, AZAL-ın bilet qiymətləri kifayət qədər bahadır. Hesab edirəm ki, bu açıqlama psixoloji testdir. AZAL bildirmək istəyir ki, quru sərhədləri hələ açılmasın və dəyən zərərin kompensasiyası üçün turistlər AZAL-dan istifadəyə üstünlük versinlər. Bu, doğru yanaşma deyil. AZAL-ın zərərlə işləməsi vətəndaşların hesabına bərpa olunmamlıdır”.