Axtarış...

AZAL “bazarda” hegemonluq edir: - “Kəskin qiymət artımı..."

AZAL “bazarda” hegemonluq edir: - “Kəskin qiymət artımı..."



Son vaxtlar AZAL-ın qiymətlərində kəskin bahalaşma müşahidə olunur. Belə ki, MDB ölkələrinə uçuş qiymətləri illik müqayisədə fevralda 2,56 dəfə, digər ölkələrə isə 2,18 dəfə artıb. Bu ilin fevralında təyyarə biletləri MDB ölkələrinə bir gediş üzrə orta hesabla 847,5 manat, digər ölkələrə 783,55 manat olub. Amma yanvarda MDB ölkələrinə təyyarə biletləri orta hesabla 816,7 manat, digər ölkələrə 758,7 manat idi.

Verilən məlumata görə, qiymətlərin bu qədər yüksəlməsinin səbəbi Covid-19 ilə bağlı xaricə uçuşların azalmasıdır. Səfərlərin sayının azalması bir sərnişinin daşınma xərcini, yəni maya dəyərini artırdığından uçuş biletlərinin də bahalaşmasına səbəb olub.

Biletlərin bahalaşmasına COVID-19 testi ilə bağlı xərclərin yaranması da təsir edib.

Xaricə uçuş həyata keçirənlər hökmən koronavirus testindən keçməlidir. Aviasiya şirkətləri test xərclərini də biletin qiymətinə əlavə edir. Lakin mütəxəsislər istənilən halda qiymətlərin bu qədər artmasının iqtisadi məntiqinin olmadığını bildirirlər.

İqtisadçı-ekspert Natiq Cəfərli də “Sherg.az”a açıqlamasında həmin qənaətdə olduğunu bildirdi. O, məsələnin mahiyyətini belə izah etdi:

“Düzdür, dünyada da aviauçuşlarda qiymət artımı var. Amma heç bir ölkədə bu qədər kəskin deyil. Bahalaşmanın iqtisadi əsası yoxdur. Sadəcə AZAL-ın inhisarçı mövqeyi, “bazara” başqa “oyunçu”nu buraxmaq istəməməsi bu cür paradoksal vəziyyət yaradır.

Təəssüf ki, bir neçə başqa şirkət də AZAL-ın diktəsi ilə fəaliyyət göstərir.

Çıxış yolu xarici şirkətlərin də fəaliyyətinə icazə verməkdir. Bu zaman rəqabətli mühit yaranacaq və qiymətlər tənzimlənəcək”.
Text-to-Speech

DİNLƏ






Şərh yaz