“Vallah, bu AZAL-a tək zəlzələ yox, heç nə təsir edən deyil. Ağzımızı yormağın mənası yoxdur. Vətəndaşlarımız avtobuslarla sağ-salamat gəlib çatsınlar, böyük şeydir. Nə edək indi? Yaxşı olardı ki, AZAL özü buna təşəbbüs göstərərdi. Məsələn, SOCAR Türkiyədə hazırda bütün təcili yardım maşınlarına pulsuz yanacaq verir. Bir-iki təyyarə reysi ilə vətəndaşlarımız təxliyə oluna bilərlər. Bu, nə olan şeydir ki, AZAL etmir? Vallah, təklif edirsən, həyata keçmir, ona görə heç təklif də etmək istəmirsən. Amma məlumatım var ki, həqiqətən, zəlzələ baş verən ərazilərdən azərbaycanlılar avtobuslarla Vətənimizə yola salınırlar, hazırda bu iş ciddi şəkildə gedir...”
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.
T.Kərimli bildirib ki, bir neçə dəfə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovla əlaqə saxlayıb: “Artıq bilirisiniz ki, bacımın övladı da qardaş ölkədə ailəsi ilə yaşayır. Hazırda Kahramanmaraşdan sakinlərlə birgə onlar da çıxarılıblar. Əziyyət çəkirdilər. Azərbaycandan bir nəfər həlak olan var. Tələbələrimizi də yığırlar. Gəlmək istəyənləri avtobusla gətirirlər. Hazırda Türkiyədəki səfirimiz çox intensiv işləyir. Bir neçə qrup ayırıb, ayrı-ayrı şəhərlərdə azərbaycanlılarla təmasa girir, onları təxliyə edir, Vətənə yola salırlar. Səfirliyimizin işindən razıyam. Çünki mütəmadi əlaqələrim var. Gün ərzində neçə dəfə danışırıq…”