Axtarış...

Tanınmış aktyordan QALMAQALLI AÇIQLAMA: “Azərbaycanda mentalitet çoxdan ölüb”

Tanınmış aktyordan QALMAQALLI AÇIQLAMA: “Azərbaycanda mentalitet çoxdan ölüb”

“Azərbaycanda mentalitet çoxdan ölüb. Bizim cəmiyyətdə təəccüblənməli bir şey qalmayıb”.

Bunu aktyor Türkay Cəfərli Yenicag.az-a açıqlamasında deyib.

O, son vaxtlar efirlərdə yayımlanan evlilik proqramlarına münasibət bildirib. “TikTok” və digər şəbəkələrdə “min oyundan çıxan” gənclərin rüsvayçı hərəkətlərindən sonra evlənmək üçün efirə çıxanlara heç də təəccüblənmədiyini deyib:

“Peşəsindən asılı olmayaraq hər insanın bir özəli var. Bu özəl o deməkdir ki, özünə məxsus olana qarışmağa heç kimin ixtiyarı yoxdur. Bu, o halda mümkün ola bilər ki, özü bu barədə danışsın. Təssüflər olsun ki, bu gün insanların bütün marağı mətbəx söhbətlərinə, ailədaxili münasibətlərə, konfliktlərə yönəlib və işləri-gücləri kiməsə “qulp qoymaq”, kiminsə ailəsinə “burun soxmaq”dan ibarətdir. Mentalitet məsələsinə gəlincə, mənə görə Azərbaycanda mentalitet çoxdan ölüb. Əvvəllər evlilik proqramlarını çox pis qınayırdım, amma indi hardasa qınamıram. Çünki yetişən gənclərin çoxuna baxın görün, “TikTok”da və digər sosial platformalarda hansı əxlaqsızlığı təbliğ edirlər.

İndiki bir çox tələbələr, yeniyetmələr reytinq xatirinə bir-birini söyüb, bədənlərini, ruhlarını satırlar, yüngül yollara əl ataraq pul qazanırlar. Bu da ailələrin dağılmasına gətirib çıxarır. Valideynlər də məcbur olub evlilik proqramlarına üz tutaraq özlərinə normal gəlin, yaxud da bəy axtarışına çıxırlar. Çünki elələrini görəndən sonra, özünə hörmət edən heç bir ailə istəməz ki, oğlu, ya qızı bədbəxt olsun və bədbəxt ailənin nəslini davam etdirsinlər. Mentalitetə önəm verən biriyəm, amma sosial şəbəkələrdəki biabırçıığı görəndən sonra evlilik proqramlarına çıxanlara artıq reaksiya da verə bilmirəm. Çünki bizim cəmiyyətdə təəccüblənməli bir şey qalmayıb”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz