“Hərbi xidmət dövründə kiminsə adamı olmamışam, müdafiə naziri və Baş Qərargah rəisinin əmrlərini yerinə yetirmişəm”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov Baş Qərargahın rəisi, general-polkovnik Nəcməddin Sadıkovun “adamı” olması haqda sosial şəbəkələrdə yayılan iddialara münasibət bildirərkən deyib.
Şair Ramaldanov Silahlı Qüvvələrdə xidmət etdiyi müddət ərzində “heç kimin adamı olmadığını”, istisnasız olaraq Azərbaycan dövlətinə xidmət etdiyini bildirib:
“Mən polkovnik rütbəsini 1994-cü ildə növbədənkənar qaydada – uğurlu Horadiz əməliyyatına görə almışam. Xidmət dövründə general vəzifəsi sayılan korpus komandiri və digər vəzifələrdə işləsəm də, 2012-ci ildə polkovnik rütbəsi ilə Ordudan tərxis olunmuşam.
Sosial şəbəkələrdə kiminsə adamı olmağım haqda iddialar o qədər qeyri-ciddidir ki, mən onlara münasibət bildirməyi yersiz sayıram.
Qeyd edim ki, döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsinə görə Ulu öndər Heydər Əliyev tərəfindən iki dəfə “Azərbaycan bayrağı” ordeni ilə təltif olunmuşam. Hərbi-tədris vəsaiti kimi istifadə olunan 10-dan çox kitabın müəllifiyəm. O kitabların ümumi həcmi 4 min 500 səhifədən çoxdur.
Hər kəs bilsin ki, mən hərbi xidmət dövründə kiminsə adamı olmamışam, tutduğum vəzifə əsasında müdafiə naziri və Baş Qərargah rəisinin əmrlərini yerinə yetirmişəm, hər zaman istisnasız olaraq Azərbaycan dövlətinə xidmət etmişəm”.