Son illər Azərbaycanda turizm sahəsində inkişaf prosesi gedir.
Ölkəmizə dünyanın müxtəlif yerlərindən turistlər cəlb olunur. Paytaxt Bakı və rayonlarımıza yüzminlərlə insan səyahət edir. Bu, Azərbaycanın tanınması tərəfindən sevindirici haldır.
İnkişaf olduğu yerdə problemlər də ortaya çıxır. Əsasən də işbazlar əlavə gəlir əldə etsinlər deyə qanunsuz yollara əl atırlar. Son illər bunun ən bariz nümunəsi evlərin günlük olaraq kirayə verilməsidir. Doğrudur, hər kəs öz mənzilini istədiyi kimi istifadə etməkdə azaddır. Lakin məsələ xidmət proseduru olduqda işlər dəyişilir. Bu məsələnin xüsusi normativlərinə əməl etmək lazımdır.
Hazırda paytaxt Bakıda və regionlarda günlük kirayə evlər tapmaq asan məsələdir. Hətta istənilən onlayn alğı-satqı saytında bu barədə elanlar görə bilərsiniz. Lakin əlaqə saxladıqda ya əcnəbi vədəndaşlara verildiyi deyiləcək, ya da hər hansısa evlilik sənədi istəniləcək.
Günlük evlər sadəcə yerli sakinlərə problemlər yaratmır. Əcnəbi vətəndaşlar da həmin şəxslərdən şikayətçidirlər. Belə ki, normalda bazar dəyəri 30-40 AZN olan evləri turist istəyən kimi qiyməti qalxır dağ başına.
Ümumiyyətlə, belə evlər üçün ümumi qanunlar varmı? Həmin kirayə yerlərini nəzarətə götürmək oları?
Məsələ ilə bağlı Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov Redaktor.az-a açıqlamasında həmin evlər üçün xüsusi tədbirlər görülməli olduğunu bildirib:
"Azərbaycan son illərdə turizm sahəsində çox irəliləyib. Hazırda ölkəmizdə müxtəlif ölkələrdən yüzminlərlə turist bura səyahət edir. Bu artımdan işbazlar xüsusi istifadə edirlər. Mənə də günlük evlər barədə müxtəlif şikayətlər edilib. İnsanlar öz mənzillərini turistlərə baha qiymətə verirlər. Lakin həmin şəxslər bilmirlər ki, öz evlərini günlük icarəyə verdikdə müəyyən məsuliyyətləri də yerinə yetirməlidir. Həmin yerlərə xüsusi sanitariya nəzarəti olmalıdır. Təhlükəsizlik qaydalarına riayət olunmalıdır. Evlərini verib, pulu almaqla iş bitirmir. Ev sahibləri icarədarların səhhəti, sağlamlığına nəzarət etməlidirlər. Sabah həmin yerdə yaşayan şəxsin başına iş gəlsə, bundan mənzil sahibləri məsuliyyət daşıyır.
Xüsusi orqanlar bu məsələyə ciddi nəzarət etməlidirlər. Bəzən turistlər də həmin evlərdən başqa məqsədlər üçün istifadə edirlər. Bu, yolverilməz haldır. Bu tip hallar mentalitet baxımından da normal qiymətləndirilmir. Bu baxımdan, evlərini kirayə verən vətəndaşlar diqqətli olmalıdırlar. Hər şey, pul qazanmaq ibarət deyil. Yerli vətəndaşların da bu evlərdən bacardıqca az istifadə etmələri məsləhətdir. Yuxarıda qeyd etdiyim kimi, həmin yerlədə anti-sanitar şərait olur. Burada müxtəlif xəstəliklər tapa, yaxud müxtəlif qəzaların qurbanı ola bilərlər".