Axtarış...

Cahangir Əsgərov müamması: AZAL hara “qaçır”? - İLGİNC

Cahangir Əsgərov müamması: AZAL hara “qaçır”? - İLGİNC


Artıq bir müddətdir ki, AZAL prezidenti Cahangir Əsgərovun vəzifədən çıxarılması ilə bağlı informasiyalar gündəmə gəlir. Ən son belə bir məlumat ötən gün yayılıb.

Millitv.az axar.az-a istinadla xəbər verir ki, AZAL-da ciddi yoxlamalar başladığı, C.Əsgərovun isə faktiki olaraq rəhbərlikdən uzaqlaşdırıldığı bildirilir.

Bu informasiyaların vaxtaşırı olaraq tirajlanması təsadüfi deyil: Azərbaycan hələ də quru sərhədlərini açmayıb, xaricə gediş-gəliş yalnız təyyarə vasitəsilədir. Gürcüstanla quru yol açıq olarkən, Azərbaycan vətəndaşları daha çox Tiflis aeroportundan istifadə edirdilər: Tiflisə avtobusla, oradan isə ucuz təyyarə bileti əldə etməklə uzaq səfərlərini gerçəkləşdirirdilər.

AZAL-ın sayəsində Tiflisə möhtac qoyulan azərbaycanlılar indi bu imkandan da sərhədin bağlı olmaslı səbəbindən məhrumdurlar. Bu isə narazılığı artırır.

AZAL-ın tətbiq etdiyi qiymətlərdən nəinki sadə insanlar, millət vəkilləri, hətta məmurlar belə narazılıq edirlər. Şirkətin monopoliya yaratdığı, ucuz daşımalar həyata keçirən hava yolları şirkətlərini Azərbaycan bazarına buraxmadığı və yaxud öz şərtləri ilə buraxdığı iddiaları var. Üstəlik, kifayət qədər yüksək bilet qiymətlərinə rəğmən, AZAL-ın rentabelli olmaması da ciddi şübhələrə yol açır.

Əlbəttə, ədalət naminə AZAL təyyarələrinin yeni, komfortlu, pilotlarının peşəkar, təyyarədə xidmətin və servisin isə yüksək səviyyədə olduğu birmənalıdır. AZAL dünyanın bir çox keyfiyyətli hava yolları şirkəti ilə rəqabət aparmaq qabiliyyətindədir. Ancaq Azərbaycan vətəndaşlarını zorla “müasir, qət-təzə və yüksək servisli” hava nəqliyyatından yararlanmağa məcbur etmək doğru deyil. İnsanlara seçim imkanı vermək lazımdır: yüksəkkeyfiyyətli xidmət üçün bahalı AZAL, yaxud daha aşağı xidmətlə ucuz biletlər...

AZAL həmçinin arzulanan səviyyədə şəffaf da fəaliyyət göstərmir: 2022-ci ildə hansı istiqamətlərə nə qədər daşıma həyata keçirib; nə qədər sərnişin aparıb-gətirib; qazancı-xərcləri, büdcə ödənişi və s. barədə müfəssəl məlumatı hələ yaymayıb. Halbuki Ermənistan və Gürcüstan hava yollarının bu barədə hesabatı artıq tirajlanıb.

Bütün bunlar 30 ilə yaxındır vəzifədə olan Cahangir Əsgərovun personasını daim diqqətdə saxlayır və dünənki xəbər də bu baxımdan diqqət mərkəzindədir. Ona görə də: AZAL-da hansı qurum yoxlama aparır, nə zaman başlayıb, nə vaxta qədər davam edəcək, doğrudanmı C.Əsgərov yoxlama müddətində şəffaflıq üçün rəhbərlikdən müvəqqəti kənarlaşdırılıb, onu kim əvəzi edir... kimi suallar ortaya çıxır.

Təəssüf ki, bu suallara AZAL cavab verməkdən imtina edir və mediadan qaçır. AZAL-ın bu suallara cavab verməməsi təkcə qanunlara hörmətsizlik deyil, həm də ciddi informasiya çatışmazlığı yaratmaqla şayiələrə əsas yaradır. AZAL özü və Cahangir Əsgərovla bağlı ən ağlagəlməz xəbərlərin tirajlanmasına legitimlik qazandırmaqla məşğuldur.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz