Son günlərin ən çox müzakirə edilən mövzularından biri də AZAL-ın fəaliyyətidir. Təyyarə biletlərinin qiyməti baha olsa da, hələ ki, heç bir dəyişiklik yoxdur.
AZAL sədri Cahangir Əsgərov yalnız vətəndaşlar tərəfindən deyil, hətta Milli Məclisdə də sərt tənqid edilir.
Buna baxmayaraq, sözügedən qurumda heç bir islahat aparılmır.
Bəs görəsən C.Əsgərov niyə tənqidlərdən nəticə çıxarmır?
Məsələ ilə bağlı Yenisabah.az-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Cahangir Əsgərovun özbaşınalıq etdiyini, tezliklə vəzifədən kənarlaşdırılmalı olduğunu bildirib:
“Cahangir Əsgərov AZAL-ı anarxiyaya çevirib. Heç kəsi saymır, özbaşınalıq edir, bəzən başqa adamların adından istifadə edir. O, birmənalı şəkildə həbs edilməlidir, vəzifədə qalması Azərbaycan xalqına baş qaxıncıdır. Düşünürəm ki, bu cür məmurlar ölkədə vəziyyəti gərginləşdirməkdən ötrü əllərindən nə gəlirsə, edirlər. C.Əsgərov AZAL-ı elə günə qoyub ki, şirkət dünyada ən aşağı yerlərdən birini tutur. Qiymətlər kəllə-çarxa qalxıb, xidmət yoxdur, rüşvət baş alıb gedir... Dövlət AZAL-a nəqədər maliyyə yardımı edib, amma hamısı yeyilib, batıb, Cahangir də gedib xaricdə otellərə, mülklərə sahiblik edib. Cəzasızlıq olanda belə olur, təcili həbs edilməlidir, o adamın vəzifədə qalmağa mənəvi haqqı yoxdur. Dövlətə ləkədir. Milyonlarla insan AZAL-dan istifadə edib, hamısı narazıdır. AZAL-ın qoyduğu qiymətlər dünyanın heç bir yerində yoxdur. Cahangir kiməsə arxayındır, ona güvənir. İnsanlar da fikirləşir ki, ona nəsə desək deyəcək ki, “gedin işinizlə məşğul olun”. Tək C.Əsgərov deyil, məmurların əksəriyyəti belədir”.
Partiya sədri qərəzli mövqe sərgiləmədiyini qeyd edərək, işini vicdanla görən məmurların olduğunu da deyib:
“Bəzən bizə deyirlər ki, qarayaxma kampaniyası aparırsınız. Xeyr, belə deyil. Biz işini görən, ədalətli məmurlardan da danışırıq. Məsələn, Şuşa yolunun çəkilməsi fəxr olunası işdir. Buna görə həmin adamlara təşəkkür düşür. Əgər mən Şuşaya asfaltla gedəcəyəmsə, buna görə minnətdar olmalıyam. Biz yaxşıya yaxşı, pisə pis deyirik, qərəzli mövqedə deyilik. Cahangir Əsgərovu yoxlasalar məlum olacaq ki, dövlətin və xalqın milyonlarla manat pulunu yeyib. Bu gün də gedib müəyyən dairələrə qoşulub. Məsələn, Moskvada AST Telmanla gedib qumar oynayırlar, başqa yerlərdə qələtlər edirlər. Keçmişdə hakimiyyətin zəifləməsi üçün müəyyən kanallarla dostluq edirdilər. Bu baxımdan AZAL artıq Azərbaycanda bütün qırmızı xəttləri keçib, xalqa xəyanət edir”.