“1500-ə yaxın əhalisi olan kənddə aptek yoxdur. Həkim məntəqəsi isə elə vəziyyətdədir ki, sağlam gedən xəstəlik tapıb çıxar. Bakıdan yaşlı valideynlərimə baş çəkməyə gələndə özümlə bir torba dərman alıb gətirirəm. Dərman ərzaq deyil ki alıb yığasan lazım olanda da işlədəsən”.
Bunu Masallının Rüdəkənar kəndindən olan Süleyman Ağayev deyir. Süleymanın yaşlı valideynləri kənddə təqaüd hesabına dolanır.
“Onsuz da kənddə dolanışıq çətindir. Qaz yoxdur, oduna pul çatdırmaq olmur”, – Ağayev deyir.
Rüdəkənar kəndi rayon mərkəzindən 25 kilometr aralıda, Ulum çayının sahilində yerləşir. Kəndin ətrafı dağlarla, meşələrlə əhatələnib. Kəndin tibb məntəqəsi qəzalı vəziyyətdədir. Yerdən tikilmiş binada bir neçə yerdən iri çatlar yaranıb, tavan, döşəmə çürüyüb, nəmişlikdən divarlardan su axır.
Sakinlər deyirlər ki, dərman almaq rayon mərkəzinə qədər gedirlər. Süleyman Ağayev söyləyir ki, məhz belə problemə görə ailəsini Bakıya yanına köçürmək istəyir, amma onlar kəndi tərk etmək niyyətində deyillər.
Rüdəkənar kəndinin təbiəti turizmin inkişafı üçün əlverişlidir. Kənddə istirahət mərkəzləri də var, ancaq sakinlər dolanışıq üzündən çətinlik çəkirlər.
Sakinlərdən biri deyir ki, yaxınlıqdakı digər kəndlərə qaz verilib. Bu kəndə də təxminən 35-40 il əvvəl qaz xətti çəkilib, amma qaz verilməyib:
“Bizi meşəyə buraxan kimdir?! Odunu pulla alırıq. Odunun qiyməti isə hər il bir az daha bahalaşır. Bilmirsən odun, çörək alas an, yoxsa dərmana pul verəsən”.
Rüdəkənar kəndi Mahmudavar bələdiyyəsinin inzibati ərazisinə daxildir. Bələdiyyənin sədri Əfqan Babayev Meydan TV-yə bildirib ki, Rüdəkənar kəndi 2010-cu ildə Mahmudavar bələdiyyəsi ilə birləşdirilib. Kəndin tibb məntəqəsi də həmin dövrədək Rüdəkənar bələdiyyəsinin balansında olub:
“Bizim kəndlə həmin kəndin arasında təxminən 2-3 kilometr yol var. Bələdiyyələr birləşdirilərkən bina bizim bələdiyyənin balansına verilmədi. Amma yəqin ki, hansısa dövlət qurumunun balansındadır. Həkim məntəqəsi doğurdan da bərbat vəziyyətdədir, kəndin apteki də yoxdur”.
Bələdiyyə sədri onu da deyib ki, Mahmudavar kəndində həkim məntəqəsi var. Məntəqədə mama-genekoloq, tibb bacısı çalışır. Rüdəkənar kəndinin sakinləri də ehtiyac olduqda Mahmudavar kəndindəki tibb məntəqəsinə müraciət edirlər. Amma kəndə yaxın gələcəkdə qaz veriləcəyi gözlənilir.
Masallı Rayon İcra Hakimiyyətindən də deyiblər ki, həkim məntəqəsinin qəzalı vəziyyətdə olmasından xəbərdardılar. Bununla belə icra hakimiyyətinin əməkdaşı məntəqənin nə vaxt təmir ediləcəyiilə bağlı sualı cavablandıra bilməyib.
TƏBİB-dən isə həmin ərazidəki məntəqənin onlara aid olmadığını bildiriblər. //Meydan TV//