Axtarış...

“Azercell” qəpik-quruşla medianı ələ alıb: fırıldaq və şikayətlər

“Azercell” qəpik-quruşla medianı ələ alıb: fırıldaq və şikayətlər

“Azercell” mobil operatorunun abunəçilərin hesabından müxtəlif kampaniyalar, reklamlar yolu ilə pul silməsi bu günün problemi deyil.

Cahan.info yazır ki, hər gün şirkətin abunəçilərin başına gətirdiyi fırıldaqlar barəsində şikayətlər olur. Sadəcə, “Azercell” medianın böyük bir qisminə reklam verdiyi üçün özünü sığortalayır, şikayətlərin geniş şəkildə ictimailəşməsinə imkan vermir.

Amma bu günlərdə “Azercell”in şikayətlərindən bezar olan media orqanlarından biri rəsmi şəkildə onun reklamından imtina etdiyini bəyan edib.

AzNews.az xəbər portalı “Azercell”lə əməkdaşlıqdan imtinanın səbəblərini açıqlayıb.

Portalın baş redaktoru Taleh Şahsuvarlı bildirib ki, əvvəla "Azercell" şirkətinin reklam və press-relizlər üçün redaksiyaya ödənişi çox azdır və real bazar qiymətlərinə uyğun deyil:

“Qəpik-quruş qarşısında hər ay xeyli press reliz göndərir və yayınlamamızı istəyirlər. Biz heç kimin qulu deyilik.

Biz bu məbləği həm özümüzə, həm də bütövlükdə Azərbaycan jurnalistikasına hörmətsizlik kimi qəbul edirik.

Digər tərəfdən "reklam tərəfdaşıyıq" deyə həmin cüzi məbləğ qarşılığında "Azercell"-lə bağlı tənqidi materialların yayınlanmasına etiraz edirlər. Bizə heç kim belə şərt qoya bilməz.

Bu şirkətdən redaksiyaya həddən çox narazılıq daxil olur, bu narazılıqları yayınlamayanda oxucularımız qarşısında bir KİV olaraq mötəbərliyimizi itiririk.

Qurama kombinasiyalarla vətəndaşları soyur, mediaya “sus haqqı” göndərirlər. Başlarına dəysin onların qəpik- quruşu, bizim belə pula ehtiyacımız yoxdur”.

Şirkətdən narazılıqları görmək üçün elə feysbukdakı rəsmi səhifəsində şərhləri izləmək kifayətdir. Natiq Ələkbərov yazır:

“Hörmətli Azercell, Tərtər rayonunda göstərdiyiniz mobil xidmətlər olduqca aşağı səviyyədədir, bu barədə sizin müştəri xidmətlərinə dəfələrlə müraciət etsək də,müsbət irəliləyiş olmayıb”.

Məhəbbət Mirəliyev: “Hörmetli Azercell, mən Sabirabad Rayon Moranlı kəndindəe müəllim işləyirəm. Təəssüf ki, Azercell nomrələrində h+ WCDMA yoxdur bu kendde onun ucunde butun gencler cin ve ya nar nomreleri alır,əllərindəki sim nomreleri tullayırlar”.

Fikrət Məmmədov: “Son zamanlar data kart nömrələrində internet öz istədiyi kimi olub abunəçinin istədiyi kimi yox. Elə bil internet nahara-nahardan sonra fasilə və sair işlərlə məşğul olur.Yalanci kampaniyalarnan yox keyfiyyətli xidmətlə məşğul olun. Yəqin ki bir çox abunəçilər kimi mən də bu ay imtina edəcəm Azercelldən”.

Valeh Həsənov: “Azersel nümayəndəsi, siz hələ ölkədə interneti gücləndirin ondan sonra kampaniya hayına qalın bəsdirin doladız milləti”.

Əslində, yüzlərlə belə şikayətləri sizə təqdim edə bilərik. Özünüz də şirkətin feysbuk səhifəsində şahid ola bilərsiniz.

Abunəçilər kütləvi şəkildə bu mobil operatordan imtina etməyə başlayıblar. Hərçənd, digər xidmətlər də vətəndaşları soymaqda, aldatmaqda “Azercell”dən geri qalmırlar. Bu barədə araşdırma materiallar, şikayətlər təqdim edəcəyik.

“Azercell”ə gəlincə, xidmət səviyyəsini yüksəltmək, yalançı kampaniyalara son qoymaq əvəzinə, medianı qəpik-quruşla yemləməklə ondan edilən şikayətləri yerindəcə boğmağa üstünlük verir. Həmin xəbər portallarından biri isə göründüyü kimi, əməkdaşlıqdan imtina edib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz