Dünyada gedən siyasi-iqtisadi proseslər tikinti materialları bazarına da təsirsiz ötüşməyib. Bazardakı durumu öyrənmək üçün üz tutdum "Dərnəgül"ə.
Satıcılar adi suallara demək olar ki, cavab vermək istəmirdilər, daha doğrusu, cavab verməyəcəklərini bildirdilər. Səbəb kimi rəhbərliyin danışmağa icazə vermədiyini göstərdilər. Həmin anda 2 mühafizəçi mənə yaxınlaşıb məramımı soruşdu. Jurnalist olduğumu biləndə bu sözləri dedilər:
"Bura çəkiliş məqsədilə çox gəlsələr də, əliboş gediblər. Bazar özəldir deyə rəhbəri çəkilişə icazə vermir".
Yol aldım 1 dayanacaq yuxarıya – yəni "Eurohom"a.
"İbo inşaat" şirkətinin rəhbəri İbrahim Nanacanov mənimlə söhbətində bildirdi ki, 15 ilə yaxındır bu sektordadır. O qeyd etdi ki, tikinti materialları bazarı stabildir. Bu sahənin məhsullarına həmişə maraq var.
"Rusiyaya tətbiq edilən sanksiyalar işimizə yarayıb"
"Qarabağda aparılan quruculuq işləri də bazara təsirsiz ötüşmür. Tikinti materiallarına tələbat əsasən yazdan payızın sonuna qədər yüksək olur. Qış aylarında isə alıcılar azalır. Mərmər, qranit, panel, taxta, dam örtükləri Ukraynadan gəlir. Mərmərlə qranit 25-550 manata təklif olunur. İran məhsullarına tələbat yüksəkdir. Yaxın ölkə olduğuna görə qiymətlər münasibdir. Dam örtüklərinin 1 santimetrinin qiyməti qalınlıqdan asılı olaraq 6-18 manat arasında dəyişir. Bilirsiniz ki, Ukrayna dəmir istehsalı üzrə lider ölkələrdən biridir. Hazırda dam örtüklərini Türkiyə və Cənubi Koreyadan alırıq. Sədərək bazarındakı divar kağızlarının demək olar ki, hamısı Ukraynadan gətirilir. Müharibə şəraiti və yanacağın dəyəri qiymətlərə təsir edib. Alıcılar əsasən səhər və günorta çox olur. Qiymətlərdə endirim də edirik, çünki onsuz olmur. Taxta-şalbanın 90 faizi Rusiyadan gətirilir. Taxta tikintinin özəyini təşkil edir. Rusiyaya sanksiyalar tətbiq edilməmişdən əvvəl taxtanın 1 kubu 550 manata qalxmışdısa, sanksiyalardan sonra bu qiymət 330 manata düşüb. Böyük fərq var. Biz almasaq da, bazar Rusiyadan fanera, dəmir, dik də alır. Hazırda bazarda hər şey sahibkarla alıcının münasibətindən, ticarətin gedişatından asılıdır".
"Adəm inşaat"ın satıcısı Rəşad Əliyev qeyd etdi ki, mövsümlə bağlı alıcıq qabiliyyəti aşağıdır.
"İran məhsullarından imtina edənlər də var"
"Alıcı demək olar ki, sıfır səviyyədədir. Yay aylarında alıcılar çox olur. Mağazamız 6 ilə yaxındır ki, fəaliyyət göstərir, bu müddət ərzində məhsullarımız əsasən İran və Hindistandan gəlir. Mağaza açılandan burada çalışıram. İran istehsalı olan kafel-metlax 11 manatdan 16 manata qədər təklif olunur. Kafel-metlaxın qiymətində artım yoxdur. Biz Ukraynadan məhsul almadığımıza görə qiymətlərdə bahalaşma yoxdur. 60-lıq piltələr 12 manatdır. Hindistan istehsalı olan piltələr isə 23 manatdan başlayır. Çöl metlaxlarını 13-14 manata təklif edirik. Asma tavanların kvadratı 13-14 manata başa gəlir.
Yerli istehsal olan tinliklərin qiyməti isə 1 manat 50 qəpik - 2 manat arasında dəyişir. Biz topdansatış həyata keçiririk, eyni zamanda endirimlər də edirik. Bazar həftənin 7 günü səhər saat 9-dan axşam 6-7-yə kimi açıq olur. Alıcılar əsasən səhər saatlarında, şənbə-bazar çox olur. Çilçıraq altları 7-15 manata təklif olunur. Daha çox kafel-metlax alırlar. Yerli istehsal olan aradoldurucular 2 manatdır. Alıcılar məhsulun istehsal olunduğu ölkədən çox qiymətə önəm verirlər. Psixoloji olaraq İran məhsullarından imtina edənlər də var. Məhsullar tez-tez dəyişir. Zavodlar məhsulları mütəmadi olaraq dəyişir, amma müştərilərin də zövqlərini, istəklərini nəzərə alırıq".
Bayramqabağı məhsullarda bahalaşma ola bilərmi?
"Məhsulların qiymətinin bayramqabağı qalxacağı fikri psixologiyamıza hopsa da, belə bir ehtimal yoxdur", - Rəşad Əliyev bildirdi.
" "Bazarın ölməsi" qazancınıza təsir edir?" sualıma satıcı belə cavab verdi:
"Konkret əməkhaqqım olduğuna görə belə hallar mənə təsir etmir. Eyni zamanda qeyd edim ki, pandemiya bazara təsirsiz ötüşmədi".
Oboysuz ev yarımçıq qalmış makijay kimidir. Bu baxımdan oboy mağazasına da baş çəkdim.
Mağazanın sahibi "məndən də böyüyü var" deyib, isminin, eynilə mağazanın adının hallanmasını istəmədi. Bildirdi ki, qiymətlər 10-130 manat arasında dəyişir:
"Məhsullarımız Türkiyə, Rusiya, İtaliya və Almaniyadan gəlir. Türkiyə məhsullarının alıcıları daha çoxdur. Mağaza 2 ildən artıqdır ki, fəaliyyət göstərir, mən isə burada 7 aydır çalışıram. Tələbat əsasən mərmər teksturalı və sadə oboylaradır. Onların qiyməti 30 manatdan başlayır. Qış aylarında alıcılar az olur. Bayram endirimlərimiz var. Sayı azalan məhsullar endirimə qoyulub. Öz yaxınlarının rəsmlərini oboyun üzərinə həkk etdirmək istəyən müştərilərimiz də var. Bir neçə gün əvvəl nənə öz nəvəsi üçün belə bir sifariş etdi".
Bazarda olduğum 1 saatdan çox müddətdə seyrək mağazalara şahidlik etdim. Satıcıların yay ayları üçün dediyi "İynə atsan, yerə düşməz" misalını öz gözlərimlə görmək üçün "alver fəsli"ndə məkana yenidən üz tutmağı düşünürəm.
Musavat.com