Ötən ilin dekabrında Bakının Binəqədi rayonu ərazisindəki “Eurohome” tikinti materialları bazarındakı birinci yanğın hadisəsində bazarda 100-ə yaxın dükan ziyan çəkmişdi. Bu ilin may ayında baş verən yanğında da onlarla tikinti malları satan dükan yanaraq yararsız hala düşdü. Bu dəfə yanan dükanlar əsasən ötən yanğında ziyan çəkməyənlər, bazarın arxa hissəsində yerləşənlərdir. Ümumilikdə 160-a yaxın sahibkara 100 min manatlarla ölçülən müxtəlif məbləğlərdə ziyan dəyib. Ölkə başçısının tövsiyəsindən sonra sığorta şirkətlərinə üz tutan sahibkarlar birinci yanğından sonra da mallarını sığorta etdirə bilməyiblər. Sığorta şirkətləri bazarı sığorta etmək istəmirlər. Səbəb də bazar infrastrukturununtəhlükəsizlik tələblərinə cavab verməməsidir. Çünki heç kəs bir daha yanğın və başqa fövqəladə hadisənin törənməyəcəyinə əmin deyil.
Yeri gəlmişkən, təkcə ayrı-ayrı sahibkarların deyil, bütövlükdə ticarət mərkəzinin özünün də sığortasının olmadığı üzə çıxmışdı. Hərçənd, bazar rəhbərliyi açıqlama vermişdi ki, sığorta sənədləri də yanıb. Bazarda baş verən yanğınla əlaqədar Baş prokurorluğun əməkdaşları istintaq aparırlar. Hər iki yanğın eyni ərazidə baş verdiyindən cinayət işləri birləşdirilib və Baş prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə verilib. İstintaqın nəticələri də hələ ki, məlum deyil.
Ziyan çəkən sahibkarlar deyirdilər ki, dükanlar arasındakı arakəsmələr taxtadan düzəlib – əslində isə daşdan olmalıdır, buna görə də yanğın dükanlar arasında tez yayılıb. Ticarət mərkəzinin sahibi Azay Möhnətov təkcə şirkət rəhbəri kimi deyil, həm də bir mütəxəssis kimi bu cür ciddi nöqsana yol verməməliydi. Axı o, Azərbaycan Memarlar İttifaqının üzvüdür. İctimaiyyətə məlumat verilib ki,dəymiş ziyan müəyyən edilir və sahibkarlara ödəniləcək kompensasiya şərtləri müzakirə edilir.Bazar rəhbəri bir ara kompensasiya əvəzinə alternativ variantlar təklif edir, məsələn deyirdi ki, ticarətçilərə mal satmaq üçün başqa yer veriləcək və bir müddət yer pulu alınmayacaq. Amma…
Amması budur ki, verdiyi vədləri unudan Azay Möhnətov zərərçəkmişlər sırasından bir qisim ticarətçilərlə anlaşma əldə edib. Şərt qoyub ki, imzaları ilə qol çəkib kompensasiya iddiasından əl çəkənləri (və ya kompensasiya aldıqlarını təsdiqləyənləri) mal satdıqları sektorları özləri təmir etdirmələri şərtilə bazara buraxacaq. RealMedia.az-ın redaksiyasına müraciət edən bir qrup sahibkarlar bildirirlər ki, Azay Möhnətovun “parçala və hökm sür” siyasəti sayəsində ticarətçilər iki qütbə bölünüblər. Razılaşanlar – yəqin ki, onlar az zərər hiss edənlərdir – hal-hazırda işləyirlər. Aidiyyati qurumlara şikayətdə bulunaraq kompensasiya tələblərinin üstündə möhkəm dayananlar isə bazara buraxılmırlar. Azay Möhnətov onlara deyir ki, hara, kimə istəsələr şikayət edə bilərlər.
Doğrudur, tikinti materiallarının istehsalı və satışı məntəqələri sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlarda da fəaliyyətinə icazə verilən sahələr sırasına aid edilib. Di gəl, “Eurohome” Ticarət Mərkəzinin yanmış sektorlarında özbaşına təmir işləri aparmaq doğru deyildir. Ən azından ona görə ki, təmir işləri yanğının qəsdən törədilmiş ola biləcəyi halda cinayətin izini tapmağa mane ola bilər.
P.S. “Eurohome” tikinti materialları bazarında baş verən yanğın hadısəsi ilə əlaqədar Baş prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsində araşdırıldığı,yəni istintaqın nəticələri hələ ki, bəlli olmadığı bir vaxtda bazar öz fəaliyyətini qanunsuz olaraq bərpa etmişdir. Hər halda aidiyyəti qrumlar və əlaqədar təşkilatlar, birincisi Baş prokurorluğ bazarın hazırkı vəziyyəti ilə bağlı maraqlanmalı, istintaq bitənə qədər fəaliyyətini dayandırmalıdır.
RealMedia.az