Axtarış...

Daşınmaz əmlak bazarında paradoks - GƏLİŞMƏ


COVID-19 pandemiyası səbəbindən daşınmaz əmlak bazarında alıcılıq qabiliyyəti xeyli aşağı düşüb. Mənzillərin qiyməti isə təxminən 10% artıb. Alıcılığın aşağı düşməsi nəticəsində mənzillərin qiymətinin ucuzlaşması gözlənilsə də, əksinə olub.

Bazarda təklif tələbi üstələdiyi halda, mənzillərin qiyməti niyə ucuzlaşmır?

Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov deyir ki, ümumiyyətlə, mart ayının ortalarından başlayaraq mənzil bazarında durğunluq müşahidə olunur:

“Sentyabr ayında karantin rejimində olan yumşalmalar zamanı bir qədər canlanma baş verdi. Tikinti sektorunda evlərin qiymətləri demək olar ki, dəyişmədi. İkinci əl bazarında alıcılıq qabiliyyəti daha zəif olduğuna görə mənzilərini təcili satan şəxslər qiymətlərdə endirim etdilər. Lakin bunun da bazara ciddi təsiri olmadı”.

Azadovun sözlərinə görə, pandemiya kirayə bazarına da təsir edib: “Mənzil bazarının mühüm hissəsini təşkil edən tələbələr Bakı və böyük şəhərlərə gəlmədikləri üçün boş qalan evlərin sayı çox oldu”.

Mütəxəssis qeyd etdi ki, pandemiya dönəmi kirayə verilən ticarət obyektlərinə də təsirsiz ötüşmür və onların da qiymətləri 20-25% aşağı düşüb.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı da deyilənlərlə razıdır:

“Mənzillərin qiymətində kəskin qiymət azalmaları müşahidə olunmur. Yalnız bahalı mənzillərdə təxminən 1-2 faiz qiymət endirimləri var. Torpaq qiymətlərində isə ümumiyyətlə, qiymət enmələri yoxdur”.

Ekspertin sözlərinə görə, bazarda qiymətin dəyişməsi tələb və təklifə adekvat deyil. O xatırlatdı ki, daşınmaz əmlak sahəsi hər zaman ən etibarlı yatırım sahələrindən biri sayılır:

“Daşınmaz əmlaka pul yatıran vətəndaş ev alıb, istənilən vaxt sataraq o pulu geri qaytara bilirdi. Lakin baş verən proseslər vətəndaşları vadar edir ki, pulu nəğd şəkildə özlərində saxlasınlar”.

Daşınmaz əmlak bazarında qiymət azalmasının baş verməməsini mütəxəssis belə izah edir:

“İlkin mənzil bazarında qiymətlərin sabit qalmasının səbəbi bu prosesə investorların, tikinti şirkətləri rəhbərlərinin nəzarət etməsidir. İlkin mənzil bazarında qiymətlər düşmədikcə, təbii ki, təkrar mənzil bazarında da qiymət azalmalarını müşahidə etməyəcəyik. Təkrar bazarın mülkiyyətçisi ilkin bazarın potensial alıcısıdır. Yəni köhnə evi satan adam yeni ev almağa çalışır. Qiymətlərin ucuzlaşmamasının bir səbəbi də tikinti materiallarının qiymətidir. Hazırda tikinti xərcləri baha olduğundan təklif edilən mənzillərin qiyməti də baha olur. Bu gün Bakının hər hansı yerində yeni bina tikilib, təhvil verilsə, onun qiyməti hazır binalardan baha başa gələcək. Buna səbəb şəhərdə tikinti üçün yararlı torpaqların olmaması, tikinti materiallarının bahalığı və sərhədlərin bağlı olmasıdır. Bu baxımdan qiymətlərin düşməsini gözləməyə dəyməz”. //pressklub/az//
Text-to-Speech

DİNLƏ






Şərh yaz